e abdullayev-yeni-fr2

Elşad Abdullayevin həbsinə hazırlıq gedir

e abdullayev-yeni-fr2Sabiq rektorun baş prokurora yazdıqları “Azadlıq”da

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev növbəti dəfə baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətin surətini “Azadlıq”a da göndərən Elşad Abdullayev yazır ki, yaydığı ifşaedici materiallardan sonra Azərbaycan hakimiyyəti onun həbsi üçün cidd-cəhdlə çalışır.
Elşad Abdullayev həmçinin iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalovun onun barəsində səsləndirdiyi ittihamlara da toxunub. O, Ramiz Zeynalovun yalan danışdığını qeyd edərək, buna görə onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Elşad Abdullayevin müraciətini təqdim edirik:

“Müstəqil Istintaq Komissiyası mənim əleyhimə ”sübutlar” toplamaqla məşğuldur”

Prezidentin sərəncamı ilə yaradılmış Müstəqil Istintaq Komissiyasının işinə prosessual rəhbərliyi həyata keçirən şəxs kimi, növbəti dəfə Sizə müraciət etmək məcburiyyətindəyəm.
Hüquqşünas kimi başa düşürəm ki, Prezidentin sərəncamı şəxsən Sizin tərəfinizdən faktiki icra olunmayıb. Çünki komissiyanın fəaliyyətinə prosessual rəhbərliyin Sizin tərəfinizdən həyata keçirilməsi özlüyündə onun müstəqil olmaması anlamına gəlir, bu asılılıq artıq komissiyanın fəaliyyətində hiss olunmaqdadır.
Komissiya fəaliyyətdə olduğu üç aydan artıq müddət ərzində qardaşım Mahir Abdullayevin tapılması və onun mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanması faktına görə başlanmış cinayət işinin açılması istiqamətində demək olar ki, bir addım da irəli getməyib.
Mənə məlumdur ki, komissiyanın əsas işi bu müddət ərzində mənə qarşı yönəlib, mənim cinayət məsuliyyətinə cəlb olunmağım və həbs edilməyim üçün “sübutlar” toplamaqdan ibarətdir. Komissiya cinayət törətmiş şəxslərin deyil, qohumlarımın, ailə üzvlərimin əmlakını araşdırmaqla məşğuldur, onların əmlakı üzərinə şəxsən Sizin təqdimatınız əsasında qanunsuz olaraq həbs qoyulub. Bundan əvvəl bir neçə dəfə Sizə konkret vəsatətlərlə müraciət etsəm də, onların heç birinə cavab verməmisiniz. Əgər bu, mənim yaşadığım ünvanı bilməməyinizlə bağlıdırsa, cavabı nümayəndəmin vasitəsilə göndərə bilərsiniz.

Ramiz Zeynalov Zakir Qaralova “atıb”?

Bu müraciətim isə Arzu Kazımovun vəkili Ramiz Zeynalovun son günlərdə mediada verdiyi müsahibələrlə bağlıdır. Mən Ramiz Zeynalovun kimliyini bildiyim üçün ona cavab verməyə də bilərdim. Ramiz Zeynalovun özünün dediyinə görə, Siz Nəsimi rayonunun prokuroru olarkən bütün qərar və sənədlərinizi o, tərtib edib. Bunun nə dərəcədə doğru olduğunu Siz yaxşı bilərsiz. Amma deyilənlərə görə, vaxtilə Sizə də “atdığına” görə münasibətləriniz pozulub.
Bunları nəzərə alaraq mən onun səviyyəsinə enmək istəmirdim, amma məsələ burasındadır ki, Ramiz Zeynalov öz sözünü demir…
Onun müsahibələrindən də görünür ki, o, Arzu Kazımovdan daha çox, mənə qarşı törədilmiş cinayətlərin əsas təşkilatçılarını, bu işin arxasında duran şəxsləri müdafiə etməyə çalışır. Ramiz Zeynalov ona arxa duran siyasi güc sahiblərinə söykənərək böhtan xarakterli  və cinayət məsuliyyəti sayılacaq fikirləri söyləməkdən belə çəkinmir. Onun son müsahibələrindən bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim.

Zərərçəkmişə qarşı mənəvi terror…

Ramiz Zeynalov heç bir sübut-dəlilə əsaslanmadan, diqqəti cinayətin əsas mahiyyətindən yayındırmaq və cinayətkarları gizlətmək məqsədilə cinayətkar dəstə tərəfindən oğurlanmış qardaşım, MTN mayoru Mahir Abdullayevin guya, mənim pulumu götürüb qaçması, bir müddət Kürdəmirdə, qohumlarının evində gizlənməsi, daha sonra onu öldürdüyüm, eləcə də digər qardaşım Eldəniz bəzi şeyləri bildiyi və bunu açıqlamaq istədiyi üçün onu da zəhərlədiyim haqda məntiqə, əxlaqa sığmayan, həqiqətdən uzaq məlumatlar yaymaqla məşğuldur. Bu artıq zərərçəkmişin ailəsinə qarşı mənəvi terror deməkdir və onu susdurmaq məqsədi daşıyır.
Biz bir ailə olaraq, 10 ilə yaxındır ki, dövlət resurslarından istifadə edən mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanan qardaşım Mahir Abdullayevin tapılması və bu cinayəti törədənlərin cəzalandırılması ümidilə yaşayırıq.
Ramiz Zeynalovun xüsusi canfəşanlıqla zərərçəkmiş tərəf haqqında əxlaqa sığmayan ittihamlar irəli sürməsi, hazırda həmin dəstənin hələ də öz qaranlıq cinayətlərini ört-basdır etmək fəaliyyətilə məşğul olduğunu göstərməkdədir.
Ramiz Zeynalovun adaşı Ramiz Mehdiyevi kəskin şəkildə müdafiə etməsi, bu cinayətin iştirakçılarından biri olan Arzu Kazımovun həbsdən çıxarılmasında maraqlı siyasi qüvvənin məhz Prezident Icra Aparatının müdiri olduğu iddialarını gücləndirməkdədir.
Mən bu iş üzrə zərərçəkmiş şəxs kimi, Zeynalovun bu əməllərinə son qoymaq üçün Sizdən tələb edirəm ki, Zeynalov yuxarıda qeyd olunan məlumatları istintaq orqanına rəsmi şəkildə təqdim edibsə, onun şahid qismində dindirilməsini təmin edəsiniz, yalan məlumat yayma və istintaqı səhv istiqamətə yönəltmək cəhdinə görə barəsində Cinayət Məcəlləsinin 296.2-ci maddəsilə cinayət işi başlanmasına göstəriş verəsiniz.