Bərdədə qarşıdurma

Bankomatların azlığı pensiyaçılar arasında toqquşmaya səbəb olub

“Kapitalbank”ın Bərdə filialının qarşısında qarşıdurma baş verib. Bu barədə “Azadlıq”a məlumat verən rayon sakinləri bildirib ki, qarşıdurma pensiya növbəsində yaranıb. “Bərdənin 142 min əhalisi var. Lakin rayonda cəmi 3 bankomat fəaliyyət göstərir. Ona görə də pensiya almaq üçün iri növbələr yaranır. Bu zaman vətəndaşlar arasında da mübahisələr baş verir. Növbəti belə mübahisə isə ciddi qarşıdurmaya səbəb olub”, – deyə sakinlər bildirib.
Onların sözlərinə görə, növbəyə dayanan qadınlardan birinə qarşı kobudluq edilib. Bundan sonra həmin qadının anası balta ilə kobudluq edən şəxsə hücum çəkib. Bununla da ara qarışıb.
Sakinlər bildirir ki, əslində baş verənlərə görə, tərəfləri ittiham etmək doğru olmazdı. Onların fikrincə, bu cür qarşıdurmaların yaranmasının baiskarı yerli hakimiyyətdir: “Neçə ildir ki, biz Bərdə bankomatların sayının artırılması barədə müvafiq qurumlara müraciət edirik. Amma nəticəsi yoxdur. Konkret Bərdə ilə bağlı olmasa da, bu məsələ Milli Məclisdə qaldırılıb. Bu fakt göstərir ki, başqa rayonlarda da eyni vəziyyətdir. Sanki qəsdən insanları üz-üzə qoyurlar”.