Gözlənilən baş verdi. Ötən həftə Mexiko meriyası müqəddəs Çapultepek xiyabanından Heydər Əliyevin heykəlini götürdü. Qədim mayyalıların törəmələri ARDNŞ qoçularından fərqli olaraq, demontaj əməliyyatını yüksək ustalıqla həyata keçirdilər, belə ki, heykəllə sənət əsəri kimi davrandılar, onu xüsusi texnika və müşayiətlə ərazidən uzaqlaşdırdılar. Daha bir diqqətçəkən məqam ondan ibarət oldu ki, heykəlin arxasındakı Azərbaycanın mərmərdən yapılmış xəritəsi yerində qaldı. Bunu demontajı nümayiş etdirən videokadrlardan da aydın görmək olurdu.
Qəribədir ki, bu hadisədən bir neçə gün keçsə də, Əliyev hakmiyyətinin AzTV başda olmaqla bütün təbliğat maşını işə düşmür… Maraqlıdır, deyilmi?
Məncə, burada iki səbəb var, birincisi, bu xəbərin əhəmiyyətini(?) azaltmaq və beləliklə, bundan mümkün qədər az insanın(!) “xəbər tutmasına” nail olmaqdır.
Ikincisi, daha ağlabatan versiya isə, Əliyev iqtidarının çarəsizliyidir, çünki onlardan fərqli olaraq, sadə azərbaycanlıların maraqları Mesikada elə bir səviyyədə təmin edilib ki, çəkinmədən onlara qardaş xalq deyə bilərik. Meksika ilə Azərbaycan oxşar tarixi keçmişə malikdir və hər iki ölkə işğal nəticəsində torpaqlarının yarıdan çoxunu itirib və saysız soyqırımlara məruz qalıblar…
Məsələ burasındadır ki, Əliyevin demontaj edilmiş abidəsindən bir az aralıda, Tlaksoak (hazırda xiyaban xocalılıların şərəfinə adlanır – X.Ə.) xiyabanında, Xocalıda erməni-rus işğalçısının süngüsünə keçirilmiş ana və onun körpəsinın anasına abidə ucaldılıb. Və Meksika Senatı bununla kifayətlənməyərək, rəsmi olaraq, Xocalı soyqırımını da tanıyıb.
Sual oluna bilər, bəs erməni lobbisi “hara baxırdı”, niyə məhz erməni “soyqırımını” yox, Xocalını tanıdı Meksika? Cavab çox sadədir…
Dünyada meksikalılar qədər soyqırıma məruz qalmış, az qala yarısı işğal edilmiş ikinci bir xalq, ölkə tapmaq çox çətindir. XIX əsrin ortalarına qədər Meksika az qala bütün dünyanın birlikdə yaşaya biləcəyi(!) soyqırımları yaşayıb. Bu dövrdə Meksikanın ərazisinin üçdə ikisi işğal edildi, hazırda ABŞ-a məxsus Texas, Kaliforniya, Nyu-Meksika, Arizona, Nevada, Yuta, Kolorado ştatları 1847-ci ilin qanlı döyüşlərinə qədər bu dövlətə məxsus idi…
Bu müharibələrdə saysız-hesabsız “Xocalı”lar yaşayan meksikalılar, soyqırım və işğal faktlarına çox həssaslıqla yanaşırlar. Meksikanın indiyədək qondarma erməni soyqırımını tanımaması təsadüfi deyil və zənnimcə, çox şeylərdən xəbər verir. Meksika dünyaya bir nümunə göstərdi. Meksika heç vaxt soyqırım törətməyib və bu istiqamətdə aparılan spekulyasiyalarda ədalətli mövqe sərgiləyib. Təsəvvür edə bilirsinizmi, Latın Amerikasındakı hər şeyə qadir erməni lobbisi Meksikada dişsiz qaldı, çünki bu ölkədə soyqırım nə olduğunu çox yaxşı bilirlər…
Heydər Əliyevin heykəlinin Meksikanın Şəhidlər xiyabanı sayılan Çapultepekdə ucaldılması nə dərəcədə doğru idi?
Bu xiyabanda bəşəriyyətə qarşı törədilən cinayətləri əks etdirən, eləcə də dünyanın müstəmləkə və insani cinayətlərə mübarizlə aparan tarixi şəxsiyyətlərin heykəlləri ucalır. Xatında, Salasplisdə törədilən faciələrə həsr edilmiş abidələr, Nelson Mandela, Mahatma Qandinin də heykəlləri burada yerləşir. Ən əsası isə, burada milliyyətindən asılı olmayaraq, hər kəsi heyrətləndirə biləcək bir memorial var. Bu həm də Meksikanın simvollarından biridir. 1847-ci ildə Çapultepek qalası uğrunda gedən şiddətli döyüşlərdə 6 yeniyetmə kadet düşmənə əsir düşməmək üçün özlərini hüdür qala divarlarından yerə ataraq şəhid olublar. Onların şərəfinə ucaldılan əzəmətli “altı şütün – altı şəhid” abidəsi bu parkda yerləşir. Yüz ildən sonra, 1947-ci ildə, ABŞ prezidenti Harri Trumenin bu abidə önündə baş əyərək, ora əklil qoyması bu iki ölkə arasındakı münasibətlərin düzəlməsinə təkan verdi…
Və təbii ki, Heydər Əliyevin abidəsi burada çox qala bilməzdi. Rejim komandasına daxil olan çoxsaylı “tarixçi-professor”lar bunu dərk etməli idi. Onlar bilməli idilər ki, Mexiko rəhbərliyini aldatmaqla və xalqın boğazından kəsib, milyonları havaya sovurmaqla bu iş olmur.
Rejim ağır məğlubiyyətə uğradı. Dünya bu heykəlin sökülməsi ilə yenidən Azərbaycan reallıqlarına nəzər saldı.
Sonda bir daha xatırlatmağı özümə borc bilirəm, Xocalı soyqırımını tanıyan, onun qurbanlarına abidə ucaldan, qondarma erməni soyqırımını rədd edən Meksika bizim qardaşımızdır. 20 ildir öz xalqını əzən bir rejimin banisinə yanlışlıqla qoyulan heykəli götürməklə bunu bir daha sübut etdi…

Viva Mexico!!!
•