“Sanki erməni əlinə düşmüşdüm”

AXCP fəalı 26 yanvar aksiyasındakı polis zorakılığından danışdı

Kəmalə Bənənyarlı: «Yüz min cərimə kəssələr də, proseslərin qarşısını ala bilməyəcəklər və bizə yenə meydanda olacağıq»

26 yanvar aksiyasında polis qəddarlığı ilə üzləşənlərdən biri AXCP fəalı Kəmalə Bənənyarlı olub. Kəmalə xanım bizimlə söhbətində aksiya günü başına gələnlər barədə ətraflı məlumat verdi.

– Kəmalə xanım, həmin gün olanları necə xatırlayırsınız?
– Ismayıllı camaatına dəstək üçün Fəvvarələr meydanına yığışmışdıq. Hələ aksiya başlamamış polislər sanki terrorçu görürmüşlər kimi üstümüzə hücum çəkdilər. Bütün qadınları çox pis halda aparırdılar. Mənə hücum edəndə şüarlar səsləndirməyə başladım. Bunu görən polis qolumu möhkəm burmağa başladı. Sümüyün səsini eşidirdim və ağrıdan huşumu itirdim. Bir onu deyə bildim ki, qolum sındı, buraxın, özüm gedəcəm. Polis dedi ki, qolunu sındıracam və daha bərk sıxmağa başladı. Məni çox pis halda avtobusa gətirdilər. Gözəl xanım və başqa qadınlar təcili yardım tələb etdilər. Təbii ki, heç nə etmədilər. Ramil Usubovun şəxsi mühafizəçisi Əlövsət Fərzəliyev bizim avtobusa yaxınlaşdı. Məni hamıdan ayırıb polis maşınına oturtdu. Həddən artıq təhqiramiz sözlər işlədirdi. Deyirdi ki, bunu bölməyə aparın gəlib dərsini verərəm. Mən çox şeyi açıqlamıram, üstüörtülü deyirəm. Həmin maşında Orxan Carçı və Mərdanə xanım var idi. Amma onlar arxada, dəmir qəfəsdə idilər. Maşına oturdanda elə zərblə çırpdılar ki, başım qıpıya dəydi. Alnım kəsildi, izi də qalıb. Əlövsət Fərzəliyev məni yenə çox pis təhqir etdi. Orxan bəyin hirsləndiyini görüb dedim ki, fikir verməyin, o, öz ailə mədəniyyətini göstərir. Həqiqətən də utancvericidir. Görün, Azərbaycan hakimiyyətinin siması kimlərdir? Bu sözümdən sonra Əlövsət Fərzəliyev mənə qarşı daha da aqressivləşdi. Əlini atıb saçımı yolmağa başladı. Artıq huşum özümdə deyildi. Amma hiss elədim ki, oradakı polislər onu məndən ayırdılar. Yanıma elə bir polis qoydular ki, mən həyatım boyu onun üzünü yaddan çıxarmaram. Bütün inandıqlarıma and içə bilərəm ki, sanki erməni əlinə düşmüşdüm. Bəlkə erməni əlinə düşsəydim, ondan daha mərhəmətli davranardı. Bunu kənardan Kamilla xanım da, Orxan Carçı da görürdü. Kamilla xanım ağlayaraq qışqırırdı ki, əl vurmayın. Orxan əllərini o qədər dəmir qəfəsə vurmuşdu ki, dırnaqlarından qan gəlirdi. Toxunmayın deyib qışqırırdı. Saçımı çox pis şəkildə yolurdular. Arxada oturan polis saçımı bircə dəfə yoldu, sonra dəymədi.

– Bölmədə sizə münasibət necə idi?
– Bölməyə gətiriləndə halsız idim, başım çox şiddətli şəkildə ağrıyırdı. Alınım zərbə almışdı, saçım bərk yolunmuşdu, qolum dirsəkdən zədələnmişdi deyə özümdə deyildi. Orada da huşumu itirdim. Məni oyatmaq üçün su içirtməyə çalışdılar. Üzümdə polisin dırnaq izləri qalıb. Hər iki yanağımdan sıxıb ağzımı açmağa çalışırdılar. Nəinki təcili yardım çağırdılar, heç dərman da vermədilər. Yaxşı ki Gözəl xanımın çantasında dərman var idi. Əlövsət Fərzəliyev içəri girdi və Səbayel Rayon Polis Idarəsinin rəis müavini Kamal Vəlişovla mənim barəmdə danışmağa başladı. Ondan sonra Kamal Vəlişovun mənə münasibəti dəyişdi. Əlövsət Fərzəliyev çıxanda dedim ki, bu adam necə də tərbiyəsizdir, məni niyə elə söyürdü. Kamal Vəlişov dedi, kim Əlövsət, o elə söz deməz. Təxminən bir saat keçdi. Qadınların hamısı getdi. Kimini məhkəməyə apardılar, kimini azad etdilər. Amma məni saxladılar. Kamal Vəlişova çoxlu zənglər gəlirdi. Mənimlə də bağlı zənglərin gəldiyini hiss edirdim. Qapıdan dedim ki, olar, içəri keçim. Kamal Vəlişov çox kobud şəkildə cavab verdi ki, olmaz. Dedi, mən səni qadın bilmirəm, bunu buradan çıxarın. Bu sözdən sonra mən də aqressivləşdim. Dedim, mənim arxamda Xalq Cəbhəsi kimi böyük bir təşkilat dayanıb, sahibsiz deyiləm. Dedim, bütün bunlar ictimailəşəcək və siz cavab verməli olacaqsınız, bütün səfirlikləri ayağa qaldıracaqlar. Onu da dedim ki, Əlövsət Fərzəliyevlə əlbir olub mənə qarşı bu hərəkətləri edirsiniz. Dedi, Əlövsət kimdir, biz belə adam tanımırıq. Dedim, necə olur, bir saat bundan əvvəl tanıyırdınız və deyirdiniz ki, Əlövsət elə söz deməz. Indi inkar edirsiniz. Ona yenə zənglər gəlirdi. Hadisənin ictimailəşməsi, “Facebook” şəbəkəsində yayılması görünür, bunları narahat etməyə başlamışdı. Təsəvvür edin ki, bütün bunlardan sonra Kamal Vəlişov mənə dedi ki, sən bizim bacımızsan. Məni məhkəməyə apardılar və mitinq təşkilatçısı kimi 2 min manat cərimələdilər. O cəriməni ödəmək fikrim yoxdur. Ilham Əliyevin neft pullarından, ofşor zonalara daşınan vəsaitlərdən bütün Azərbaycan vətəndaşlarına, eləcə də mənə çoxlu borcu var. Qoy, bu pulu da mənə olan borcundan silsin.

– Polisin bu dəfə belə qəddarlıq etməsi sizcə nə ilə bağlı idi?
– Mən mitinqlərdə çox iştirak etmişəm, amma budəfəki zorakılığı heç vaxt görməmişdim. Gördülər ki, cərimələr heç bir effekt vermir. Mənə cərimə kəsəndə dövlət ittihamçısı və dövlətin təyin etdiyi vəkil üzümə baxdı ki, bəlkə qorxaram.
Biz o cərimələrdən qorxmuruq. Lap yüz min cərimə kəssələr də, xeyri olmayacaq. Bu proseslər başlayıb və mitinqlər davam edəcək. Cərimələrlə insanların, xüsusən də bizim kimilərin gözünü qorxutmaq olmaz. Ismayıllı hadisələri bir daha sübut etdi ki, bu xalqın qeyrət damarına basanda çox pis olur. Növbəti aksiyada yenə öndə olacam. Hər canım acıyanda bunlara daha çox nifrət edirəm və hər gün mitinqin olmasını istəyirəm.

– Sizə olan zorakılıqla bağlı rəsmi qurumlara müraciət edəcəksinizmi?
– Əlövsət Fərzəliyev həmişə məni təhdid edir. Sabah başıma bir iş gəlsə, məsuliyyət Ramil Usubovun və Ilham Əliyevin üzərinə düşür. Həmin gün məni Ilham Əliyevin cinayətkar dəstəsi o vəziyyətə salmışdı. Sabah məhkəməyə müraciət edəcəm və bu işi Avropa Məhkəməsinə qədər aparacam. Amma mən bilirəm ki, işə Avropa Məhkəməsində baxılana qədər Azərbaycanda demokratiya qələbə qazanacaq və hakimiyyət dəyişəcək. Əmin olun ki, buna çox az qalıb.

Gültəkin