Yaponiyanın Azərbaycandakı səfirinə!

Cənab səfir! Adınızı da bilmirəm, siz allah bağışlayın. Bu saat öz adımız yadımızdan çıxıb, ölkədə yeni siyasi şərləmələrin, repressiyaların, şantajın, təzyiqin, təhdidin biri bir qəpikdir.
Əlbəttə, elə başa düşə bilərsiniz ki, sizə müraciət etməyimin səbəbi də budur. Bir səfir olaraq, istibdadla mübarizədə demokratiya cəbhəsinə hansısa mənəvi dəstək göstərməyinizi-filan istəyirəm. Qətiyyən! Bizim tərəqqipərvər bəşəriyyətdən indiyədək ağzımız çox yanıb, ona görə də balalarını-zad istəmirik, yetər ki, balamıza dəyməsinlər.
Müraciətimin səbəbi isə tamam başqadır.
Cənab səfir! Dünən internet vasitəsi ilə oxudum ki, Bakıda və əyalətdə hökumətimizlə əl-ələ verib yapon döyüş sənətinə marağı artırmaq, bu döyüş növlərindən biri – aykido ilə tanışlıq məqsədi ilə silsilə tədbirlər keçirəcəksiniz. Yəqin ki, bu tədbirlərin sonradan millətimizə necə baha başa gələcəyinin fərqində deyilsiniz. Ya da sizə yanlış məlumat veriblər, elə fikirləşirsiniz ki, bizim şanlı hökumətin sizin döyüş növlərinə marağı idmana sevgidən-zaddan irəli gəlir. Əsla! Biləsiniz ki, Azərbaycandakı rejim üçün idman heç də “sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənmir. Onlar üçün “sağlam bədən” – ölkədəki sağlam qüvvələri şil-küt eləmək vasitəsidir. Onlar üçün idman – əyləncə deyil, işgəncə alətidir.
Cənab səfir! Sözümün canı odur ki, madam bu millətin bir yaralı barmağına dərman deyilsiniz… Madam zülm altında əzilən insanlarımızın fəryadı sizin üçün heç bir məna ifadə eləmir… Madam Azərbaycan xalqının özgürlük arzularına iynə ucu boyda xeyriniz-bəhriniz yoxdur, barı özünün gic-gic döyüş növlərinizi bunlara öyrədib bizim qol-qıçımızı daha rahat qırmalarına vəsilə olmayın.
Başınızı çox ağrıtdımsa, üzr istəyirəm.

Hər yanlışı düzəldən bir doğru var

Əslinə baxsanız, Əliyevçi rejim öz çirkin varlığını bundan sonra daha neçə onillərə daşımaq üçün hər şeyi dəqiq hesablamış, yüz ölçüb bir biçmişdi:
– siyasi müxalifəti pul və qol gücünə zəiflətmək, sıradan çıxarmaq, yox etmək…
– həbslə, döyməklə, öldürməklə, şirnikləndirməklə azad medianı susdurmaq, tənqidçi tribunanı silib atmaq, KIV adına sadəcə, yandaş, məddah qəzetləri və yazarları saxlamaq…
– QHT-lərə kisənin ağzını geniş açmaq, beləcə, onları HT-lərə çevirmək, hüquq müdafiəçilərinə isə “qa” deyəndə qrant, “qu” deyəndə mandat verərək onlardan hakimiyyətin müdafiəçiləri düzəltmək…
– mənasız, bayağı tele-şoular, ulduz yarışmaları  hesabına gəncliyin sosiallaşmasına, savadlanmasına, ictimailəşməsinə əngəl olmaq, onları karyera qazanmaq, uğur əldə etmək üçün “ya mikrafon, ya güləş döşəyi” dilemması qarşısında qoymaq…
–  təhsilin və elmin kökünü qazıyaraq, insanları cəhalətin dibinə gömmək, onları qafası ilə deyil, qarnı ilə düşünməyə məcbur etmək…
Beləcə, heç bir maneəsiz, heç bir əngəlsiz hakimiyyət yollarında yürümək, qurdla qiyamətədək qalmağı bacarmaq, neçə onillər sonra belə, bu ölkənin milli iradə və sərvətlərinə təkbaşına sahib olmaq.
Və hər şey plan üzrə gedirdi. Hər şey dəqiq hesablanmışdı, hər şey rejimin istədiyi kimi idi. Artıq qələbələrini elan edəcəkdilər ki, Facebook-un peyda olması ilə bütün ssenari pozuldu. Illərini verdikləri, nə qədər zəhmət və pul xərclədikləri, dünyayla üz-göz olduqları bir projenin altı üstünə çevrildi.
Məlum oldu ki, hər şeyi hesablayarkən bir şeyi hesablamayıblar – dünyada hər yanlışı düzəldən bir doğrunun olmasını…

Sual-cavab

Sual: Dünyada “baş nazir” deyə bir vəzifənin olduğunu azərbaycanlılar nə vaxt xatırlayır?
Cavab: Berluskoninin eşq macəraları haqqında xəbərlərdən sonra…