«Fövqəlnazir» İsmayıllı hadisəsindən təşvişə düşərək zəlzələ bölgəsinin sakinlərini ələ almağa çalışır
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ismayıllıda baş verən xalq etirazından təşvişə düşüb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, “fövqəlnazir” Zaqatalada da eyni hadisələrin baş verə biləcəyindən ehtiyatlanır. Məlumat üçün deyək ki, 2012-ci ilin may ayında Zaqatalada dağıntılara səbəb olan 6 bal gücündə zəlzələ baş verib.
Lakin hələ də zəlzələnin nəticələri aradan qaldırılmayıb. Bu isə rayonda gərginliyə səbəb olub. Kəmaləddin Heydərov narahatdır ki, Ismayıllıda baş verənlərdən ruhlanan Zaqatala sakinləri də ayağa qalxa bilər. Ona görə də Kəmaləddin Heydərov Ismayıllıda baş verən üsyandan dərhal sonra Zaqatala ilə bağlı tədbirlər görməyə başlayıb. Məlumatlara görə, “fövqəlnazir” təbii fəlakətdən zərər çəkmiş rayon sakinlərinə müxtəlif məbləğlərdə maddi yardım edilməsinə göstəriş verib. Həmçinin sakinlərə vəd edilib ki, qısa müddətdə zəlzələnin nəticələri tam aradan qaldırılacaq. Lakin məlumatlarda bildirilir ki, sakinlər artıq bu vədlərə inanmır və Zaqatalada gərginlik davam edir. Ona görə də rayonda polis və daxili qoşun hissələri hazır vəziyyətə gətirilib.
Məlumatlarda o da bildirilir ki, Zaqatala sakinləri dəfələrlə problemlərilə bağlı Prezident Administrasiyasına müraciət ediblər. Bundan Kəmaləddin Heydərov da xəbərdardır. “Fövqəlnazir” düşünür ki, rayonda üsyan baş verəcəyi təqdirdə rəqibləri həmin müraciətlərdən və baş verənlərdən onun əleyhinə istifadə edə bilər.
Azad