Neftçalada vəziyyət gərginləşdi

İcra başçısının evi polis nəzarətinə götürülüb

Yanvarın 28-i səhər saatlarında Neftaçalada rayonun baş memarının “Prado” markalı avtomobilinin yandırıldığına dair xəbərdən sonra gün ərzində bu rayonda da xalq etirazlarının baş qaldırdığı səpkili söz-söhbətlər yayılmağa başladı.

Bu istiqamətdə gün ərzində ara-sıra gələn xəbərlər təsdiqini tapmadan geniş yayılmadı. Amma axşam saatlarında xüsusən də sosial şəbəkələrdə Neftaçala camaatının da rayondakı məmur özbaşınalığına etiraz olaraq ayağa qalxdığı haqda xəbərlər artmağa başladı. Hətta camaatın icra başçısının evinə tərəf hərəkətə başladığı da bildirldi.

“Azadlıq” Neftçaladakı mənbələrlə əlaqə saxlayıb nə baş verdiyini öyrəndi. Əldə etddiyimiz səhih məlumata görə, baş memarın maşının yanmasından başqa Neftçalada gün ərzində bu səpkili hər hansı hadisə olmayıb. İnsanların icra başçısının evinə doğru yürüşə çıxdığı haqda yayılan məlumat da doğru deyil. Bununla belə, icra başçısı İsmayıl Vəliyevin evinin qarşısında polis postu qurulub. Yerli sakinlər bunu İsmayıllıdakı hadisədən sonra hökumətin rayonlarla bağlı narahatlıq keçirməsi ilə əlaqələndirirlər.

Mənbələr həmçinin, Neftçalada da sosial narazılığın yüksək həddə olduğunu deyiblər və bunun bir gün partlayışa çavriləcəyini istisna etməyiblər.

***

Neftçalada məmurun “Prado”sunu yandırdılar

Yanvarın 28-də səhər saat 4 radələrində Neftçalada rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Rüstəm Tahirovun AZ 10 TM 801 dövlət nömrə nişanlı Toyota Prado avtomobili yandırılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını lokallaşdıra bilməyiblər. R.Tahirov yanan avtomobili operativ şəkildə başqa yerə evakuasiya edib.

“Turan”ın məlumatına görə, polis ilkin nəticəyə gəlib ki, avtomobil qəsdən yandırılıb. Lakin rayon polisinin növbətçi hissəsindən bildirilib ki, avtomobil mühərrikin öz-özünə alışması nəticəsində yanıb,  belə ki, park edilmiş avtomobildə heç kim olmayıb.

Neftçaladan bildirirlər ki, R.Tahirov rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin yaxın adamıdır və onunla birlikdə başqa rayonlarda da çalışıb.

Neftçala rayonundan alınan məlumatlara görə, memarla yerli sahibkarlar arasında münaqişə yaşanır. Bu, onların  mülkiyyət hüquqlarının İcra Hakimiyyəti tərəfindən  pozulması ilə əlaqədardır.