20 günün əsgəri öldü

Üzeyir Cəfərov: «Səhhətində problem olan çağırışçılar ordu sıralarına niyə cəlb edilir?»

Azərbaycanda 20 günün əsgəri xəstəlikdən dünyasını dəyişib. Hadisə yanvarın 28-də Daxili Qoşunların hospitalında qeydə alınıb. Bəlli olub ki, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılan, 1991-ci il təvəllüdlü Rüstəmli Toğrul Kamran oğlu xəstəlikdən vəfat edib. Faktı Daxili Qoşunların mətbuat xidməti də təsdiqləyib.
Son vaxtlar hərbi xidmətə çağrılan əsgərlərlə bağlı xoşagəlməz faktlar demək olar ki, əvvəlkilərə nisbətən daha da intensivləşib. 20 günün əsgəri hələ andiçmə olmadan dünyasını dəyişirsə, deməli, onun sağlamlığı o qədər kritik olub ki, belə az müddətə davam gətirə bilməyib. Bu zaman haqlı bir sual ortaya çıxır: sağlamlığına görə hərbi xidmətə yararlı olmayan şəxsi necə əsgər apara biliblər? Bu məqam əlaqədar qurumların məsuliyyət məsələsini ortaya qoymurmu?

Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov söyləyir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon və Baş Idarəsi bu məsələyə aydınlıq gətirməlidir. Ekspert həmin qurumların cavabdehlik məsuliyyətini də yada salır: “Bu hadisə 2012-ci ildə baş verən hadisələrin sanki davamıdır. Amma sözügedən qurum bir dəfə də olsun ictimaiyyət qarşısına çıxıb gənc çağırışçının nədən dünyasını dəyişməsi barədə açıqlama verməyib. Bu, tibbi cəhətdən də mümkün deyil ki, insan belə az müddətdə dünyasını dəyişsin. Güman ki, əsgərdə xəstəlik olsa da buna fikir verilməyib və yeni rejimə uyğunlaşma dövründə də xəstəlik şiddətləndiyindən o, dünyasını dəyişib”.
Ü.Cəfərov burda məsuliyyətin bir hissəsinin də DIN Daxili Qoşunların komandanlığının, hərbi hissə rəhbərliyinin üzərinə düşdüyünü bildirir. Ekspertə görə, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti Daxili Qoşunların hərbi hissəsində baş verən hadisə barədə müvafiq qurumlara rəsmi məktub ünvanlamalı idi: “Araşdırılmalı idi ki, səhhətində problem olan çağırışçılar ordu sıralarına niyə cəlb olunur? Əslində, ikinci qurumun yaradılmasına ehtiyac yox idi. Keçmiş hərbi komissarlığın fəaliyyətində olan nöqsanlar aradan qaldırılsaydı, belə acınacaqlı hallarla da üzləşməzdik. Təsəvvür edin ki, 20 gün öncə şadyanalıqla yola salınan bir gənc qara tabutda ailəsinə qaytarılır. Bu, cəmiyyətdə güc strukturlarına inamsızlıq yaradır. Qeyd edim ki, çağırışçı cəmi 20 günə belə ağır xəstələnib dünyasını dəyişə bilməzdi. Nəzəri baxımdan bu, mümkündür, amma indiki müasir çağırış şəraitində xəstəlik belə sərt şəkildə inkişaf edərək faciəli nəticəyə gətirib çıxara bilməzdi”.

Nigar