Yaşar Cəfərli: «Müdafiə naziri və Baş Qərargah rəisi buna görə istefa verməlidir»
“Biz Müdafiə Nazirliyi rəhbərliyinin yarıtmaz idarə etməsinə etiraz olaraq imzatoplama kampaniyasına başlamışıq”, – Ehtiyatda Olan Zabitlər Birliyinin rəhbəri Yaşar Cəfərli Turan-a bildirib. Onun sözlərinə görə, nazirliyin yarıtmaz idarəçiliyi barədə dövlət başçısına, baş prokurora, MTN-ə, ombudsmana və digər 9 ünvana müraciət hazırlanıb.
Imzatoplama kampaniyasının başlandığını bildirən qurum rəhbəri bu haqda cəmiyyətə açıqlama veriləcəyini bildirib. O bu aksiyanı başlamağa bir çox əsas və səbəblər olduğunu deyib. Onun fikrincə, son 10 ildə artan dinamika ilə inkişaf edən əsgər ölümləri ən əsas səbəbdir. Bu əsgər ölümlərinin 85-90%-i qeyri-döyüş ölümləridir. Ikinci əsas bu ölümlərin səbəblərinin araşdırılmamasıdır. Y.Cəfərli belə cəzasızlıq şəraitinin orduda daha çox ölümlərə yol açdığını deyib. Qurum rəhbəri hələ indiyə kimi bir ölüm faktının mahiyyəti üzrə araşdırılmadığını nəzərə çatdırıb. Əsgər ölümlərinə görə həbs edilən zabitlərlə bağlı ölüm işləri kənara qoyulur, onlar hansısa rüşvət, yeyinti kimi iqtisadi cinayətlərə görə mühakimə edilirlər.
Daha bir səbəb kimi orduda şəxsi heyətin sosial təminatının gücləndirilməməsi, rütbələrin verilməsində, karyera inkişafında sosial ədalətin ən ciddi şəkildə pozulması göstərilir. Uzun müddət orduda xidmət edən, hərbi şəhərciklərdə evləri olan zabitlərin mənzilləri özəlləşdirilmir. Bu bir yana, bu mənzillər nazirliyin əmrilə zabitlərdən alınır, bütöv binalar sökülür, yerində hündürmərtəbəli binalar tikilir. Zabitlərə isə bu binalardan mənzil verilmir. Ev növbəsində olan zabitlərin mənzil növbəsindən çıxarılması kimi hallar da bu əsaslar sırasına daxildir. Xidməti döründə hansısa kiçik xətaya yol verən zabitin adı mənzil növbəsindən çıxarılır. Beləliklə, ailənin mənzillə təmin olunmaq kimi konstitusion hüququ nazir Səfər Əbiyevin mücərrəd “qüsurlu xidmət” anlayışına qurban verilir. Həm də bu “qüsurlu xidmət” anlayışının sərhədləri müəyyən deyil. Yəni, ordu idarəçiliyinə aid rəhbər sənədlərdə nəyin qüsurlu xidmət olub-olmaması yoxdur.
Bu yarlığı yapışdırmaq sırf nazir Səfər Əbiyevin özünə bağlıdır. Nazirin xoşu gəldiyi şəxsə münasibətdə ən böyük günahlar belə qüsur sayılmır, xoşu gəlmədiyi şəxsə münasibətdə ən kiçik xəta belə ciddi qüsur sayılır.
“Belə münasibət və baxışla ordu idarə olunmaz, müdafiə naziri və Baş Qərargah rəisi buna görə istefa verməlidir”, – Y.Cəfərli qeyd edib.
O, bildirib ki, ordudakı problemlərə etiraz olaraq bu sahədə fəaliyyət göstərən bir sıra QHT fevralda aksiya keçirmək üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət ünvanlayıb.