Ərdoğan məğlubiyyəti qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də ölkədə keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə istənilən nəticəni almadığını etiraf edib.

Seçki məntəqələrindən gələn protokolların 99.81 faizi hesablanıb.

Bələdiyyə seçkilərində ana müxalifət- Xalq Cümhuriyyət Partiyası 37.74 faiz, hakim AKP isə 35.49 faiz səs toplayıb.

Müxalifət 20 ildən çox müddət ərzində ilk dəfə olaraq bütün böyük şəhərlərdə, o cümlədən Adana, Ankara, Antalya, Bursa, İzmir və İstanbulda qalib gəlib.

“2023-cü ilin mayında keçirilən [parlament və prezident] seçkilərində qələbəmizdən doqquz ay sonra, təəssüf ki, yerli hakimiyyət seçkilərində istədiyimiz və gözlədiyimiz nəticəni əldə edə bilmədik”, – Türkiyə lideri Ankarada çıxışı zamanı deyib.

O, bunun onlar üçün “son deyil, dönüş nöqtəsinin başlanğıcı” olduğunu iddia edib.

Ərdoğan seçkiləri demokratiyaya layiq adlandırıb. “Xalq seçki qutuları vasitəsilə bizə öz mesajını, iradəsini, xəbərdarlıqlarını çatdırdı”, – prezident vurğulayıb.

Azadlıq radiosu