
Yanvarın 25-dən 26-na keçən gecə Heydər Əliyevin Mexikonun mərkəzi küçəsində yerləşən heykəli dostluq parkından götürülərək, başqa yerə aparılıb. Heykəlin yerinin dəyişdirilməsilə bağlı rəsmi məlumat yoxdur. Şəhər rəhbərliyi Azərbaycan tərəfilə danışıqlarda abidənin daşınması üçün rəsmi səbəb kimi, şəhərsalma normalarının pozulmasını göstərib.
Heykəlin demontajı zamanı əraziyə 200 nəfərə yaxın polis əməkdaşı cəlb olunub, küçədə avtomobillərin hərəkəti dayandırılıb.
Abidənin hazırda harada olması haqda rəsmi məlumat yoxdur. Heykəlin köçürülməsi xərcləri Mexiko büdcəsi hesabına ödəniləcək.
Meksikada Heydər Əliyevin heykəli ilə bağlı məsələ Meksika telekanallarında da ciddi ajiotaj doğurub. Dünyanın çox məşhur televiziya, qəzet və agentlikləri məsələyə hələ də diqqət yetirir. Meksika telekanallarında göstərilən müxtəlif telereportajlarda açıq görünür ki, ölkə əhalisi heykəlin Meksikada qalmasına etiraz edir.
Xatırladaq ki, Heydər Əliyevin heykəli ötən ilin avqustunda Mexikodakı Dostluq parkında ucaldılmışdı. Buna görə Azərbaycan hökuməti 5 milyon dollar vəsait xərcləmişdi. Həmin vəsait Dostluq parkının abadlaşdırılmasına sərf olunmuşdu. Mexiko rəhbərliyi məhz parkın abadlaşdırılması müqabilində heykəlin qoyulmasına razılıq vermişdi.
Heç bir ay keçməmiş yerli hüquq müdafiəçiləri və parkın ətrafında yaşayan sakinlər şəhər rəhbərliyinə kəskin etirazlarını bildirərək, heykəlin götürülməsini tələb etdilər. Buna səbəb kimi, Heydər Əliyevin “KQB” generalı, kommunist rəhbər və müstəqil Azərbaycanın diktatoru olmasını göstərirdilər.


***
Meksikada Heydər Əliyevin heykəl qalmaqalı səngimir (VİDEO)


