Heç kimə sirr deyil ki, ötənilki Quba və hazırda davam edən Ismayıllı etirazlarını doğuran səbəblər Bakı daxil olmaqla bütün ölkə üzrə mövcuddur. Istər Qubada, istərsə də Ismayıllıda etirazlara təkan verən insidentlər (mentalitetimizə uyğun olmayan təhqir və özbaşınalıq) olmasaydı belə, xalqın rejimə qarşı mübarizəsi qaçılmaz idi.
Bakıda xalqın eyni səbəblərdən ayağa qalxması tamamilə mümkündür, bunun üçün dərin analizə belə gərək yoxdur. Hətta ölkədəki səfaləti, demokratiya və söz azadlığını da bir kənara qoyuram. Bu gün paytaxtda yaşayış binalarının həyətlərində minlərlə iaşə obyektləri fəaliyyət göstərir. Şəxsən şahidiyəm ki, belə obyektlərə pəncərəsi baxan mənzil sahibləri ya şüşələri boyayır, ya da pəncərəni hörür. Iki səbəb var “birincisi, orada baş verən rəzalətlərdən kiçikləri qorumaq, ikincisi isə, ürək ağrısı ilə qeyd edirəm, orada bişən yeməklərin iyindən onları təcrid etmək. Bunların hər ikisi sadə vətəndaşları qıcıqlandıra və sonda onların ayağa qalxmasına səbəb olacaq…
Istər Quba, istərsə də davam edən Ismayıllı hadisələrində bir məqam diqqətdən qaçmadı. Bu, hakimiyyət rəsmilərinin, deputatların əhali ilə dialoqdan qaçmasıdır. Hər iki halda biz meydanda iki tərəf gördük – XALQ VƏ POLIS.
Hər iki rayonda da dövlətin rəsmiləri, həmin bölgədən seçilmiş deputatlar qabağa polisi verib, gizləndilər. Bəyanatlar və hədələri Bakıdan eşidirik. Bəli, rejim xalq arasında bütün dayaqlarını itirib, ümidi polis dəyənəyi və gözyaşardıcı qaza qalıb. Bu tarixi situasiyada inqilabın yetişməməsindən danışmamaq isə, razılaşın ki, günaha bərabərdir. Nələr gördük biz Quba və Ismayıllıda? Beləliklə…
Ötən yazımda (O zaman Ismayıllı etirazları başlamamışdı – X.Ə.) Quba hadisələri zamanı, həmin rayondan deputat seçilmiş Vahid Əhmədovun səfər “təəssüratı” ilə bağlı müsahibəsindən sitat gətirmişdim. Sitat belə idi: “Dedim ki, problemin böyüməməsi, vəziyyətin daha da gərginləşməməsi üçün məsələ həll olunmalıdır, icra başçısını başqa yerə köçürün, digər adamlarınıza da deyin ki, sakit otursunlar”.
Diqqət edin, deputat villası yandırılan, zirzəmisindən təkcə dəyəri yüz min manatdan çox olan bahalı içki kolleksiyası çıxarılan, nəhayət, Quba əhalisini təhqir edən icra başçısı haqda nə deyir? Deyir ki, bunu başqa rayona icra başçısı qoyun. Daha sonra isə, kriminal elementlərlə zəngin olan “kursovoy”unda nöqtəni qoyur – “adamlarınıza deyin ki, sakit otursunlar”.
Məşədi Ibadın sözü olmasın, şəxsən mən, deputatın bu eyhamlarını “deşifrə” edə bilmədim.
Vahid Əhmədov müsahibənin sonunda isə, Elşad Abdullayevlə Gülər Əhmədovanın mandat alverinin həqiqiliyini birmənalı olaraq təsdiqləyir. Buyurun: “Martın 1-də mən, nəqliyyat naziri Ziya Məmmədov və Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev faktiki ölümlə üzləşdik”.
Ziya Məmmədov ilə, Zeynal Nağdəliyevi başa düşdük, biri rayonu işğal edib, o birinin də təkcə soyadı, borc içində boğulan əhalinin qıcıqlanması üçün kifayətdir.
Bəs deputat niyə öz seçicisi ilə təması həyatı üçün təhlükəli sayır?
Vahid Əhmədov haqlıdır, çünki o Qubadan deyil, Gülər Əhmədovanın dəqiq göstərdiyi “ünvan”da seçilib.
Həmin ünvanda seçilmiş və daha sonra Ismayıllı rayonu əhalisinə təqdim edilmiş deputat Növruz Aslanov isə, hələlik dirəniş göstərir. Deyir ki, rayonda heç nə olmayıb, siyasi mövqeyini müəyyənləşdirməkdə çətinlik çəkən gənclər şuluqluq ediblər, icra başçısı ilə yas yerində(!) qərara almışıq ki, onlarla söhbət edək, məsələləri yoluna qoyaq.
Təsəvvür edin, əhali icra başçısı və deputat başda olmaqla harınlamış vəzifəlilərin istefasını tələb edir, icra başçısının yaxın ətrafına aid obyekt və yaşayış evləri yerlə-yeksan olunur, rejimin rayondakı simvolu olan “Çıraq” moteli külə dönüb, iki gündür etirazçılarla yalnız polisin toqquşması müşahidə olunur, buna məsuliyyət daşıyanların heç tükü də tərpənmir.
Azərbaycanda inqilab da olacaq, hakimiyyət də dəyişəcək, amma bu xəstə təfəkkür sahibləri, o qədər zombiləşiblər ki, heç vaxt dəyişməyəcəklər. Ömürlərinin axırına qədər özlərini icra başçısı, deputat kimi zənn edəcəklər.
“Bir cənub şəhərində” filmində əlindəki həlqəni sükan bilib, o baş-bu başa “maşın sürən” obrazı yəqin ki, xatırlayırsınız. Onun başına hava məhz qəzadan sonra gəlmişdi. Maşını itirdiyinə və bir daha sükan arxasında otura bilmədiyinə görə…