Qarabağ separatçısı ermənilərin qayıdışına dair Moskvanın bəyanatını rədd edir

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun Qarabağın “insan haqları ombudsmanı” kimi təqdim etdiyi Geğam Stepanyan Rusiyanın ötən sentyabrda Azərbaycanın xüsusi əməliyyatından sonra Qarabağı tərk etmiş ermənilərin qayıdışına dəstək verilməsinə dair Moskvanın təklifini rədd edib.

Stepanyan Yerevanda keçirilən mətbuat konfransında deyib ki, Moskva onlara hətta əlavə təhlükəsizlik qarantiyaları versə də, onlar geri qayıtmayacaqlar:

“Mən inanıram ki, bunun əvəzində beynəlxalq qarantiyalara ehtiyac var. Təcrübə göstərdi ki, 2020-ci ildən sonra Artsaxda (Qarabağ-red) yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Artsaxda (Qarabağ-red) təhlükəsizliyin təminatı üçün kafi deyil”.

Ermənistan Rusiya sülhməramlılarını Azərbaycanın 19-20 sentaybr əməliyyatının qarşısını almadığına və ya onu dayandırmadığına görə tənqid edib.

Bakının bölgə üzərində nəzarətini tam bərpa etməsindən sonra Qarabağın demək olar bütün əhalisi Ermənistana köç edib.

Rusiya prezidenti Vladimir Putin və başqa Rusiya rəsmiləri Ermənistanın ittihamlarını rədd ediblər.

Separatçıların Moskvadan incikliyi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 14-də demişdi ki, Moskva Bakı ilə Qarabağ ermənilərinin evlərinə qaytarılması məsələsini müzakirə edir.

Bu həftənin əvvələrində Rusiya xarici işlər nazirinin müavinmi Mixail Qaluzin də Qarabağ ermənilərinin qayıdışı üçün “şərait yaradılmasına” çağırmışdı.

Stepanyan isə deyib ki, “adamların fiziki məhv hədəsi altında köçünə ilk növbədə Rusiya sülhməramlıları şahidlik etməli idilər”.

Azatutyun yazır ki, Moskvanın separatçı liderlərlə hər hansı repatriasiyanı müzakirə etməsinə dair rəsmi məlumatlar yoxdur.

Bu da vurğulanır ki, Moskva habelə 8 separatçı liderin həbs olunaraq Bakıya aparılmasına da mane olmayıb.

Azadlıq radiosu