Birləşmiş Ştatlar Türkiyəni F-35 təkmil qırıcı təyarə proqramına qaytara bilər, amma bunun üçün əvvəlcə Ankaranın Moskvadan aldığı S-400 sistemi ilə bağlı məsələ həll olunmalıdır.
Bunu CNN Türk telekanalına ABŞ dövlət katibinin müavin əvəzi Viktoriya Nuland deyib:
“Biz Türkiyəyə Patriot satılması barədə danışıqlar prsosesində idik. Amma danışıqların davam etdiyi bir vaxtda Türkiyə başqa istiqamətə yönəldi…Açığını desəm biz əgər bu S-400 məsələsini yoluna qoysaq, ABŞ Türkiyəni yenidən F-35 ailəsində salamlamaqdan məmnun olardı. Amma biz əvvəlcə dediyim məsələni həll etməliyik. Lakin biz həm də əmin olmalıyıq ki, Türkiyənin güclü hava müdafiəsi sistemi var”.
Nuland ötən bazar günü Ankarada səfərdə olub.
Türkiyəyə ABŞ istehsalı F-16 qırıcılarının verilməsi məsələsinə toxunan Nuland bildirib ki, administrasiya bu məsələdə hələ də müqavimət göstərən Konqresi inandırmaq üçün cəhdlər edir.
Türkiyə artıq F-16 qırıclarının pulunu ödəyib. Xanım Nulandın sözlərinə görə administrasiya millət vəkillərini inandırmağa çalışırdı ki, Türkiyənin bir müttəfiq kimi F-16 donanmasının təzələnməsinə ciddi ehtiyacı var və bu ABŞ-ın milli təhlükəsizliyi üçün də vacib məsələdir.
Bu arada ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollarlıq F-16 qırıclarının mümkün satışını təsdiq edib.
Qeyd olunur ki, NATO üzvü olan Yunanıstana da 9 milyard dollarlıq F-35 təyyarələrinin satılmasına icazə verilib.
Azadlıq radiosu