Tramp Ayovada praymeriz seçkilərini udur

ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) Ayova ştatında “kokus” adlanan praymeriz seçkilərinin qalibi olub. Bu seçkilərdə Respublikaçı partiyasından prezidentliyə namizəd seçilir.

İlkin nəticələrə görə, yanvarın 15-də gecə Tramp 50 faizindən azacıq çox səs yığıb. Səslərin sayılması prosesi davam edir. İkinci yer uğrunda Floridanın qubernatoru Ron Desantislə (Ron DeSantis) ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli (Nikki Haley) arasında mübarizə gedir.

Ayovadakı səsvermə ilə bir neçə ay çəkəcək ilkin partiya seçkilərinə start verilib. İyul və avqustda bitəcək seçkilər Respublikaçı və Demokrat partiyalarının konfransları ilə başa çatacaq. Elə də böyük olmayan, kənd təsərrüfatı ştatı Ayovanın elektoratı ümumilikdə ABŞ üçün reprezentativ sayılmır.

Azadlıq radiosu