Siyavuş Novruzov bir söz deyir, Mübariz Qurbanlı başqa söz
Yeni Azərbaycan Partiyası “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində işləmir. Bunu YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.
O bildirib ki, “Siyasi partiyalar haqqında” qanunla bağlı müxtəlif partiya nümayəndələrinin, o cümlədən YAP funksionerlərinin təklifləri, çağırışları səsləndirilsə də, bu, Milli Məclisin səlahiyyətinə aid məsələdir: “Əgər bu mövzuya qayıdılarsa, biz də həmin müzakirələrdə iştirak edərik. Ancaq mən hesab edirəm ki, hazırda qüvvədə olan ”Siyasi partiyalar haqqında” qanun Azərbaycanda siyasi prosesləri lazımi səviyyədə tənzimləməyə qadir olan qanundur. Bir daha deyirəm ki, bizim tərəfimizdən belə bir qanun layihəsi hazırlanmır”.
Xatırladaq ki, bir müddət əvvəl YAP-ın icra katibinin digər müavini Siyavuş Novruzov “Siyasi partiyalar haqında” qanuna dəyişikliyin zəruri olduğunu söyləmişdi. S.Novruzov YAP-ın bu istiqamətdəki təkliflərini də açıqlamışdı. Ancaq M.Qurbanlının açıqlaması göstərir ki, sözügedən bu məsələylə bağlı YAP-da ciddi fikir ayrılığı mövcuddur.