ismayilli-usyan-kollaj

İsmayıllı mühasirədə; kütləvi həbslər, dəhşətli işgəncələr…

ismayilli-usyan-kollajİcra başçısı İlham Əliyevdən üsyanı yatırtmaq göstərişi aldığını deyib

İsmayıllıda davam edən iki günlük qarşıdurmada onlarla insan həbs olundu və onların bir neçəsi eləcə polis idarəsindən xəstəxanaya yerləşdirildi. Məlumatlara görə, həkim nəzarətində olan etirazçıların vəziyyəti ağırdı. Rəsmi məlumatlarda iki, ancaq rayon camaatının dediyinə görə, üç nəfərin ismayıllıları təhqir etməsi böyük bir insidentin əsasını qoydu.

20 yanvarı xatırladan gecə…

Saatlarla davam edən qarşıdurmanı polis zor gücünə də olsa yatıra bildi. Ancaq rayon sakinləri icra başçısı Nizami Ələkbərovun və onun qardaşı nazir Füzuli Ələkbərovun postundan getməsində israrlıdırlar. Onlar həmçinin Nizami Ələkbərovun camaatdan üzr istəməsini də tələb edir.
Yanvarın 24-ü gecə saat 2-yə qədər davam edən qarşıdurma zamanı həbs olunanlara işgəncələr verilirdi. Məsələn, hadisə yerində olan jurnalistlərə polis qüvvələri çəkilişə mane olmasalar da, rayon polis idarəsi qarşısında dayanmağa belə imkan vermirdilər. Səbəb isə etirazçılara içəridə divan tutulması idi. Təcili Tibbi Yardım Stansiyasının maşınlarının rayonun mərkəzində səhərə qədər hərəkət etməsi, polis idarəsində işgəncəyə dözməyib özündən gedənləri, atılan qaz bombalarından evlərində zəhərlənən insanları xəstəxanaya aparması buna əyani sübut idi.

Məlumatlara görə, həbs olunan etirazçıların sayının çox və idarədə yer olmadığı üçün həmin şəxslərin bir qismini Qəbələ və Göyçaya göndərirdilər.
Polis və təhlükəsizlik qüvvələri əhaliyə döyüşə yararlı güllələr də atıblar. Belə ki, Mirzə Fətəli Axundov küçəsində 16 kalibr rezin güllələrin arasında döyüşə yararlı güllə gilizləri də aşkarlanıb. Həmin yerdə avtomatdan açılmış işıqsaçan güllələrin gilizləri də tapılıb.
Qeyd edək ki, döyüş sursatı kimi təhlükəlilik əmsalı yüksək olan işıqsaçan güllələrdən Sovet qoşunları Bakıda 1990-cı ilin 20 yanvar gecəsi istifadə etmişdi.

Rayona giriş-çıxış ciddi nəzarətdədir…

Yanvarın 25-dən isə rayon müxtəlif polis və təhlükəsizlik qüvvələrinin mühasirəsində idi. Ismayıllıya gedən bütün yollar nəzarətə götürülmüşdü. Qonşu rayonlardan, eləcə də Ismayıllının kəndlərindən də mərkəzə girişin qarşısını almaq üçün postlar qurulmuşdu.
Ismayıllının Talıstan kəndində xeyli sayda silah-sursatla təchiz edilmiş canlı qüvvə və zirehli texnika vardı. Mican kəndi istiqamətində 2 BMP keşik çəkirdi. Qəbələ istiqamətindən Topçu meşələrinə MTN-in təxminən 300 nəfərə yaxın qara maskalıları yerləşdirilib. Göyçayın Qaraməryəm kəndindən Ağsu rayonuna gedən istiqamətdə də silah-sursatla təchiz edilmiş xeyli canlı qüvvə cəmləşmişdi.

Məlumatlara görə, rayonun kəndlərindən əhali mərkəzə gəlmək istəyir. Əsas yollar bağlı olduğundan insanlar meşələrdən keçməyə çalışır. Ancaq meşələrdə yerləşdirilən qara maskalılar onların qarşısını alır.
Günün ikinci yarısında məlum oldu ki, rayon xəstəxanası qapalı rejimə keçirilib. Hadisələr zamanı xəsarət alıb xəstəxanaya yerləşdirilənlərdən hər hansı xəbər almaq mümkün deyil. Bəzi məlumatlara görə, polislər xəstəxananın baş həkimi Aftandil Rəhimovu döyüblər.
Rayonda polis və təhlükəsizlik qüvvələrinin əməliyyatlarını bələdçi qismində Ismayıllının polis rəisinin Şöhrət adlı müavini tənzimləyir.

Prokurordan hədə-qorxu mesajı…

Ismayıllıda nisbi sakitlik hökm sürsə də, əhali polis və təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi zorakı əməliyyatdan və repressiyalardan hiddətlənib. Onlar repressiyaların dayandırılmasını, həbs edilənlərin azadlığa buraxılmasını və rayona yeridilən qoşunun çıxarılmasını tələb edirlər. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə yenidən aksiyalara başlayacaqlarını söyləyirlər.
Rayon sakinləri media vasitəsilə rayon və ölkə rəhbərliyinə müraciət edib ki, repressiya dayandırılsa və həbs olunanlar azad edilsə, küçə mübarizəsindən imtina olunacaq.

Rayon prokuroru Rahib Seyidov “Azadlıq”ın bölgə müxbiri Elçin Ismayıllıya açıqlamasında əhalinin müraciətinin nəzərə alınmayacağını bildirib. O, etirazların qarşısını almaq üçün dövlətin yetərincə gücünün olduğunu, lazım gələrsə, rayona yeni polis qüvvələrinin cəlb ediləcəyini deyib. Bildirib ki, həbs edilənlərin hər birinin cinayət məsuliyyəti araşdırılacaq və onlar lazımi cəzalarını alacaqlar.
Şahmat üzrə üçqat ölkə çempionu Ramil Cavadov yanvar ayının 24-ü gecədən etibarən yoxa çıxıb. Çempionun ailəsi güman edir ki, o həbs olunub, ancaq polislər onun harada olduğu haqda heç bir məlumat verməyiblər.

“Yerli ictimaiyyət” adı altında büdcə təşkilatlarının işçiləriylə görüş

Rayonun mərkəzi küçələri axşam saatlarına qədər polis nəzarətində olub. Dövlət orqanlarının binaları ətrafında polis postları qurulub, silahlı polislər keşik çəkir. Keşik çəkənlər qalxanlı, dəbilqəli, rezin güllələrlə, qaz balonları ilə silahlanmışdılar. Rayon sakinləri bunun xof yaradılması üçün edildiyini söyləyirlər.
Nizami Ələkbərov yenə də əhali ilə görüşmədi. Ancaq günorta saatlarında Heydər Əliyev mərkəzində onun “yerli ictimaiyyət” adı altında büdcə təşkilatlarının işçiləri və Bakıdan gedən hökumət nümayəndələriylə ilə görüşü keçirildi. Zalda narazı sakinlərdən, sadə əhalidən heç kim yox idi. Sədarətdə icra başçısı ilə yanaşı YAP rəhbərlərindən Əli Əhmədov, Mübariz Qurbanlı və DIN-in rəsmisi – general Cavanşir Məmmədov da əyləşmişdi. Bir sözlə, toplantı SSRI dövrünün partiya fəalları yığıncağına xas şəkildə keçirilirdi.

Musavat.com-un məlumatına görə, iclas zalına keçmək istəyən rayon sakini Zəhra Abdullayevanı polislər saxlayaraq geri qaytarıblar.
Onun sözlərinə görə, həyat yoldaşı Qarabağ müharibəsi əlilidir, iki oğlu hərbi xidmətdədir. Şikayətçi ona çatası evin başqasına satıldığını və bununla bağlı şikayətinə baxılmadığını deyib.

Həbs olunanların məhkəməsi Bakıda keçirilir…

Bakıdan rayona dəstək üçün gedən ictimai fəallar da saxlanılıb. Belə ki, ötən gün hüquq müdafiəçisi Musa Rahim, fəallar Dəyanət Babayev Orxan Carçı və Saleh Qafarlı saxlanılıb. Az sonra Musa Rahim, Orxan Carçı və Saleh Qafarlı avtomobilə əyləşdirilərək, rayon ərazisindən çıxarılsalar da, Dəyanət Babayev Ismayıllı rayon Polis Idarəsinə aparılıb.
Hüquq müdafiəçisi Vidadi Isgəndərli rayonda baş verən proseslərin monitorinqini aparmaq üçün bu gün Göyçay, Ismayıllı və Qəbələ rayonlarına səfər edəcək. Hüquq müdafiəçisi “Azadlıq”a açıqlamasında bildirdi ki, bu rayonlara səfərin əsas məqsədi polis idarələrində işgəncələrin olub-olmadığını araşdırmaqdı.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aksiyada həbs olunanların bir qismini paytaxtın Nəsimi Rayon Məhkəməsinə gətiriblər. Onların məhkəmələri qapalı keçirilir və yaxınlarına belə məlumat verilmir.

***
Axşama doğru rayondan belə xəbər gəldi ki, ATƏT və ABŞ səfirliyinin nümayəndələrinin Ismayıllıya səfəriylə əlaqədar hərbi texnikanın mərkəzdən çıxarılması prosesi başladı. Polis rayona nəzarəti motosikletlərlə həyata keçirməyə başladı.

“Nəyin bahasına olursa olsun yatırın”

Ismayıllıdan aldığımız son xəbərə görə, silahlı polis qüvvələri əhali arasında repressiyanı davam etdirir. Insanların evlərinə basqın edilir və onlar evlərindən aparılır.
Etiraz aksiyalarının baş verdiyi əsas ünvanlardan birində – Axundov küçəsində evlərə basqın daha intensiv şəkildədir.
Sakinlərdən Nizami Əmrəliyev evinin qarşısına atılan qaz balonununu təpiklə kənara vurub buna etiraz etdiyi üçün evi basqına məruz qalıb. Polislər evin qapı-pəncərələrini sındırıblar, N.Əmirəliyevi və oğlu Elvini özləri ilə aparıblar.ÿ
Rayondakı mənbələr yoxa çıxan sakinlərin çox olduğunu bildirirlər. Yaxınlarını axtarmaq üçün polis şöbəsinə müraciət edənlər isə zorakılıq və kobudluqla qarşılaşırlar.
Həbs edilənlərdən 40 nəfərinə Ismayıllı Rayon Məhkəməsində hökm oxunduğu haqda məlumatlar var. Mühakimə olunanlardan birinə – Dəyanət Babayevə 13 sutka həbs cəzası verildiyini dəqiqləşdirmək mümkün olub. Başqa məhkəmə qərarları haqda məlumat yoxdur.
Başqa bir məlumatda isə deyilir ki, icra başçısı Nizami Ələkbərov çıxışlarının birində baş verənlərlə əlaqədar ölkə başçısı Ilham Əliyev və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə danışdığını, onlardan əhalinin etirazını “nəyin bahasına olursa olsun yatırmaq” göstərişi alıdğını deyərək aqressivlik göstərib.

Ramin DEKO,
Bakı-Ismayıllı-Bakı