İnqilab nədir?


Ondan qorxmaq yoxsa onu yaratmaq lazımdır?

Qulu Məmmədli

İnqilab çevriliş, dəyişiklik deməkdir. Təbiətdə, cəmiyyətdə, təfəkkürdə əvvəlkinə nisbətən radikal, köklü, keyfiyyət dəyişiklikli keçid anlamına gəlir.

İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi və ya az keçirildiyi yerlərdə baş verir.

İnqilab bəşəriyyətin inkişaf qanunauyğunluqlarına tabedir. Yəni, 2-3 milyon il öncə yaranan insanın həyatında o zamandan bugünkü günə qədər keçdiyi yolda təkamül mərhələlərinin müxtəlif həlqələrində baş verən köklü dəyişikliklər.

İnqilab bütün sahələrdə baş verir. Siyasi idarəçilikdən tutmuş, iqtisadi, mədəni, elmi, ictimai və bütün sahələrdə köklü dəyişikliklərin məcmusuna verilən addır.

Daha aydın ifadə ilə davam edək..

İlk insan mənimsəmə- yəni təbiətin verdiyi hazır məhsulları toplamaqla, onlardan istifadə etməklə həyat sürdürüdü. Daha sonra isə təxminən 8-9 min il öncə insanlar istehsal təsərrüfatına keçdilər. Yəni artıq məhsulu ağacdan, bitkilərdən dərib yemək əvəzinə, onları özləri əkib-becərməyə başladılar. Bu dəyişikliyə tarixdə neolit inqilabı deyirlər.

30-40 min il əvvəl Homosapiensin- “ağıllı insanın” yaranmasında sonra bəşər cəmiyyəti müntəzəm şəkildə dəyişikliklərə başladı. Təbii ki, əgər insan da digər canlılar kimi düşüncəsiz qalsa idi, bu gün heç bu yazı da olmazdı, nə də siz onu oxuya bilməzdiniz. Ən yaxşı halda indi Qobustan qayalıqlarında, Azıx mağarasında ov etmək hayındaydıq. Bəşəriyyət isə bugünkü yaşam formasına yüksəlməzdi.

Yəni insanı düşüncəsi bügünkü günə gətirib çıxartdı. Daha sonra qəbilə icması yarandı, tayfalar formalaşdı, tayfalar birləşib dövlətləri yaratdılar. İctimai formasiyalar- Quldarlıq qurluşu, Feodalizm qurluşu, Kapitalizm qurluşu bir-birini əvəz etməyə başladı. Və bütün bu müsbət dəyişikliklərin əsasını isə məhz inqilablar formalaşdırdılar. Bu dəyişikliklərin, inqilabların nəticəsidir ki, insan bu gün mağarada yox, təmirli evlərdə yaşayır, telefondan istifadə edir, elmi yeniliklərdən bəhrələnir, marsa, aya uçur, dronlardan, avtomobillərdən, təyyarələrdən istifadə edir.

Bütün bunlara isə necə nail olmaq mümkün oldu? əlbəttə ki, inqilablarla!

İlk növbədə isə inqlibalar düşüncədə doğur, düşüncədə formalaşır. Daha sonra isə onu real həyata tətbiq edib dəyişikliklərə nail olurlar. 16, 17-ci əsrlərdə Avropada mütərəqqi fikirli maarifçilər oturub düşündülər ki, nə üçün cəmiyyətdə bu şəkildə bərabərsizlik mövcud olmaldır? Bir qrup ölkənin bütün sərvətlərini, səlahiyyətini bir əldə bu şəkildə cəmləməklə xalqın səfalət içində yaşamasına vəsilə olmaqla yanaşı, həm də cəmiyyətin ümumi inkişafının qarşısını alırlar. Onun üçün də indi bəzilərinin ağız büzdüyü fransız xalqı başda olmaqla digər Avropa xalqları maarifçilərin bu ideyalarını birinci beynlərində süzgəcdən keçirib, onun inkişafvüçün faydalı olduğunu anlayaraq, daha sonra bu ideyalar uğuruna inqilaba qalxdılar. Onlar 300 il öncə anladılar ki, kral, kilsə onların iqtisadi, siyasi, ictimai azadlıqlarını vəhşicəsinə, görməmişcəsinə, onları aldatmaq yolu ilə boğmaqdadırlar. Bunun üçün də Con Lokka, Monteskyuya, Volterə, Russoya digər maarifçi və inqilabçı yazarlara qulaq verərək, onların işləyib hazırladıqları yeni ictimai-siyasi konsepsiyalar uğuruna mübarizəyə qalxdılar. Kralı edam etdilər, kilsəni siyasi idarəçilikdən uzaqlaşdırdılar və nəhayət burjua inqilabına nail oldular. Bu inqilablar isə demək olar ki, bütün dünyanı silkələdi.

İlk dəfə olaraq öz konstitusiyalarında insan hüquq və azadlıqlarını, bərabərliyi maddə kimi salmağa bacaran bu xalqlar, həm də o müddəların işləkliyinə də nəzarəti əldən vermədilər. Son nəticədə isə hal-hazırda dünyanın inkişaf etmiş coğrafiyalarını yaratdılar ki, indi bizim kimi boz ölkələrdən hamı həmin ölkələrə can atır yaşamaq üçün.

Bütün bunlara isə necə nail oldular? Bəli, inqilablarla. Ona görə də inqilablardan, dəyişikliklərdən qorxmaq lazım deyil.

Onsuz da dünya, bəşər irəlilədikcə dəyişikliklər gec ya tez bütün dünyaya hakim olur. Hüqo dediyi kimi- zamanı gəlmiş düşüncənin qarşısında heç bir güc dayana bilməz.

Sadəcə, onun vaxtını tezləşdirmək mümükündür ki, bir dəfə gəldiyimiz həyatda insan kimi yaşaya bilək.

“Daxmalara sülh, Saraylara müharibə”