Bəxtiyar Hacıyev: ‘Belə çıxır, özünü güclü sayan hakimiyyət Qubad İbadoğludan… qorxur’

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev istintaq dövründə anonim müraciət əsasında ona qaçaqmalçılıq, çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq və başqa ittihamların verildiyini deyir. Vəkillər də bunu təsdiqləyir və bildirirlər ki, bir elektron poçt ünvanından məktub və sənədlərin surətləri göndərilib. Onların fikrincə, istintaq göndərənin kimliyini araşdırmadan, sənədlərin əslini tapıb ortaya çıxarmadan ağır ittihamlar irəli sürüb. Bütün bunlar yanvarın 7-də B.Hacıyevin işi üzrə məhkəmənin ilkin hazırlıq iclasında dilə gətirilib.

İctimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

B.Hacıyev 2022-ci ilin dekabrında həbs edilərkən bloqer Ülviyyə Muradova (Alovlu) ilə aralarındakı insidentə görə təqsirləndirilsə də, 6 ay sonra onun təşkilatının fəaliyyəti, maliyyə məsələləri ilə bağlı yeni ittihamlar ortaya çıxdı. İndi özü də, vəkilləri də tələb edirlər ki, həbs olunanda ona verilmiş xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları araşdırılsın və digər ittihamlara elə indidən xitam verilsin. Yanvarın 7-də vəkillər məhkəmədə bu haqda vəsatət qaldırıblar.

“İttihamların əsaslandığı sübutlar qanunsuzdur”

“Qanun anonim müraciətlərin araşdırılmasını, onun əsasında kiməsə ittiham verilməsini qadağan edir. İstintaqa hansısa e-mail ünvanından nəsə göndərilib. Bunu göndərən kimdir, nəçidir, bilinmir. Anonim müraciət, mənbəyi bilinməyən, əsli olmayan sənədlərlə Bəxtiyar Hacıyevə verilən ittihamların hamısına xitam verilməlidir. Çünki o ittihamların əsaslandığı sübutlar qanunsuzdur”, – vəkil Elçin Sadıqov belə deyib.

Azadlıq radiosu