Bəziləri hələ də Milad bayramı ilə Yeni İli eyniləşdirir. Bəs əslində necədir?


Milad bayramında peyğəmbər İsa Məsihin dünyaya gəlməsi, doğulması qeyd edilir. Bu bayram simvolik olaraq 25 dekabrda keçirilir. 31 dekabrda isə yeni bir ilin, yeni başlanğıcın gəlişi qeyd edilir. Yəni Yeni ilin Milada heç bir aidiyyəti yoxdur.
Yeni il bayramının yaranmasının isə ən azı 25 əsrlik tarixi var. Məlumata görə, ilin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. 12 gün davam edən təntənəli mərasim adətləri sonralar Yunanıstana və Qərbi Avropaya yayılmağa başlayıb.
Dünya ölkələrinin Yeni il adətləri
ABŞ-da Yeni ilin əsas hadisələri küknar ağacının altında cərəyan edir. Amerikalılar Yeni ildə bir-birinə hədiyyə verməyi xoşlayırlar. ABŞ-da yeni ili təmtaraqla, gözəl və təntənəli qarşılayırlar. Hamı Şaxta babadan – Santa Klausdan hədiyyə gözləyir. Santa Klaus şimal marallarının çəkib gətirdiyi xizəkdə amerikalıların yeni il bayramına qatılır. Ümumiyyətlə bu ölkə hər il yeni ilə bayram hədiyyələri və bayram açıqcalarının sayına görə bütün rekordları aşır. Santa Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur.
Böyük Britaniyada Yeni il axşamı evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Artıq gecə olanda ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın
Fransada Yeni il axşamı Şaxta Baba – Per Noel (Noel Baba) evlərin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Ümumiyyətlə, bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir.
İsveçrədə isə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı – ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və Yul Tomten (Şaxta Baba) obrazında qayıdaraq, uşaqlara hədiyyələr paylayır.
İtaliyada isə uşaqların Şaxta Babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam “sərbəstlik” verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.
İtaliyada daha bir adət var. Yeni il bayramı ərəfəsində insanlar köhnə əşyalarını pəncərədən aşağı atır. İtalyanlar hesab edir ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.
Almanlar isə Yeni il gələn anda ovuclarında metal pul sıxaraq, tullanırlar. Bununla da inanırlar ki, yeni il daha bərəkətli olacaq.
Finlandiyada ərimiş metalı suya tökürlər. Alınan fiqura baxaraq gələn ili proqnozlaşdırmağa çalışırlar. Məsələn, ürək və dairə evliliyə işarədir Burada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba – Youlupukkidir.
İspaniyada isə adətən Yeni il gecəsi hamı şəhərin mərkəzi meydanına üzüm yeməyə axışır. Adətə görə hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. 12 üzüm giləsi ayları və uğuru simvolizə edir.
Argentinada isə bayram günü mənzildə olan bütün lazımsız kağızlar, qəzet-jurnallar, ötən ilin təqvimləri, qurumların lazımsız sənədləri və kitablar pəncərədən çölə atılır. Yerli sakinlər bu adətlə həm də stress atmağın yolunu görürlər.
Kuba da zəngin Yeni il adətləri ilə seçilir. Burada bayram günü hər kəs evdəki qab-qacağı, stəkanları su ilə doldurur. Əqrəblər 12-ni göstərdikdə isə bütün su dolu qablar evlərin pəncərəsindən çölə axıdılır. Hesab olunur ki, bununla yeni il su kimi axar və açıq il olur. Paralel olaraq, kubalılar bayram gecəsi ilin aylarını simvolizə edən 12 üzüm dənəsi yeməlidir. Bu onlara uğur gətirməlidir. Gecənin sonunda isə ada sakinləri əllərində fişəng və məşəl küçələrdə rəqs edirlər.
Yaponiyada isə Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür. Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi cəhəti öldürür. Evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Digər bir adət isə bununla bağlıdır ki, hansı ixtisasa sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz balınclarının altına qoymalıdır. Yeni ildə həmin istəklər reallığa çevriləcək.
isveçlilər isə Yeni il gecəsi qonşularının qapısı ağzında qab-qacaq sındırmaqla məşğul olur.
İrlandiya Avropanın ən içkisevən milləti sayılır və Yeni il axşamı sadə vətəndaşlar evlərinin qapılarını açıq saxlayırlar. Belə anlarda istənilən şəxs evə daxil ola bilər. Bu zaman ev sahibi onu süfrəsinin başına keçirdərək xalis irland viskisinə qonaq edəcək. Yeni ilə az qalmış isə bütün irlandlar şəhərin baş meydanına toplaşaraq içki içir, rəqs edir və əylənirlər.
Danimarkada köhnə boşqab və bardaqları yaxınlarının qapısına atırlar. Yeni il günü isə onlar stuldan tullanırlar. Bununla da pis ruhların getdiyinə və yeni ilin onlara uğur gətirəcəyinə inanırlar.
Rumıniyada qəpikləri çaya atır və bunun uğur gətirəcəyinə inanırlar.
Efiopiyada Yeni il sentybarın ortalarına təsadüf edir. Yerli sakinlər odun və kolları bir yerə toplayaraq tonqal qalayırlar. Sonra isə tonqalın ətrafında rəqs edərək, mahnı oxumaqla Yeni ilə çağırış edirlər.
Monqolustanda Yeni il maldarlıq bayramı ilə üst-üstə düşdüyündən atçılıq yarışları keçirilir. Avropa xalqlarında olduğu kimi, Monqolustanda da insanlar küknar ağacının başına toplaşır və Uvlin Uvqun (Şaxta Baba) ilə qarşılaşırlar. Uvlin Uvqun tülkü dərisindən papaq və kürkdə olur.
Ekvador ən qəribə Yeni il adətinə malik dövlətlərdəndir. Burada yerlıi sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayırlar və həmin kuklanı yaşadıqları məhlədə, yaxud meydançalarda yandırırlar. Hesab oulnur ki, bununla ekvadorlular növbəti ilə yeni insan kimi daxil olmağı simvolizə edirlər.
Avstraliyada Yeni il yay fəslinə təsadüf edir. Bu səbəbdən Avstraliyada bayramı çimərliklərdə, açıq havada qeyd edirlər. Santa Klaus isə Avropada olduğu kimi ağ saqqala və qırmızı papağa malik olsa da, xarici görkəmi tam fərqlidir
Cənubi Afrikada yerli əhali yeni ildə şans və bərəkət üçün köhnə ev əşyalarını pəncərədən atır.
Kolumbiyada ili səyahətlərlə keçirmək üçün bayram günü çemodanla gəzirlər.
Panamada xüsusi hazırlanan kuklalar yeni il tonqalında yandırılır. Kukla köhnə ili təmsil edir. Onların yandırılması isə pis ruhların uzaqlaşdırılması və yeni başlanğıc deməkdir.
Filippində masada olan hər şeyin yuvarlaq olmasına diqqət edirlər. Çünki yumru forma pulu simvolizə edir. Bu isə zənginlik əlamətidir.
Estoniyada inanclara görə, yeni il günü bir insan 7 növ yemək yesə 7 nəfərin gücünə sahib olacaq.
Braziliyada, Ekvadorda,Venesuelada ,Boliviyada yeni ildə rəngli alt geyimi geyinirlər. Bunun onlara şans gətirəcəyinə inanırlar. Məsələn qırmızı sevgi, sarı isə zənginlik deməkdir.
Peruda Yeni ildə Takanakuy festivalı keçirilir. Yeni il gecəsi insanlar bir birini yumruqlayır. Bununla Yeni ilə daha rahat girəcəklərini düşünürlər.
Boliviyada şirniyyatların içərisinə pul qoyurlar. Kimə bu pullu şirniyyat düşsə il onun üçün daha uğurlu olacaq.
Çilidə insanlar yaxınlarının məzarı başında gecələyirlər.