İsmayıllı olayları və…

Abdin Fərzəliyevin «Dostluq» ordeni

Dünən ağır gün idi. Hər kəs həyəcanla Ismayıllıda baş verən olaylardan xəbər gözləyirdi. Gecəylə rayona yollanmış jurnalistlərin ötürdükləri xəbərlər üzücüydü. Illərlə yığılan, bir adi hadisənin qığılcım olduğu xalq etirazına hakimiyyətin münasibəti növbəti dəfə hər kəsi məyus edirdi.
Hakimiyyətin əsas sözçüsü Əli Həsənov ənənəvi olaraq yenə baş verənlərdə siyasi məqamlar axtarışına çıxıb. Kimlərinsə əhalinin narazılığından istifadə etdiyini, iğtişaşı törədənlərin və bundan “yararlanmaq” istəyənlərin cəzalandırılacağını deyib. Deməli, təzə heç nə deməyib. Köhnə bayatını çağırıb. Zaman dəyişir, dünya-aləm mayallaq aşır, Ilham Əliyev Davosda xizək sürür… ancaq bunlar elə 20 il qabaq olduqları yerdədilər. Hakimiyyət, kürsü, daha çox ərazilər zəbt etmək, biznesi daha da çiçəkləndirmək ehtirası hətta normal düşünməyə belə imkan vermir. Əhalinin nədən narazı olduğunu dərk etmək istəmirlər. Nə vaxta qədər? Yəqin bu sualı özlərinə vermək məqamı gələndə artıq gec olacaq…
Azərbaycanda nələr baş verir? Bu suala cavab tapmaq üçün Ictimai Televiziyanın saytına baş vurdum. Axtardığım suala saytın “Gündəm” bölməsində cavab tapmağı düşündüm. Burda ilk xəbər təbii ki, Ilham Əliyevin Davosa xizək səfəri barədəydi. Ikinci xəbər Türkiyədən gələn qonaqlar, üçüncü Ştrasserin layihəsinin qəbul edilməməsi, dördüncü xəbərsə Bakıda türkdilli ölkələrin diaspor rəhbərlərinin koordinasiya şurasının yaradılacağı haqdaydı. Yalnız beşinci xəbər Ismayıllı hadisələri barəsindəydi. Ancaq… bu xəbər ITV əməkdaşlarının hadisə yerindən hazırladığı reportaj deyil, Daxili Işlər Nazirliyinin və Prokurorluğun rəsmi məlumatı idi. Adam söz də tapmır…
Dünən başqa bir xəbər diqqətimi çəkdi. Rusiya prezidenti Vladimir Putin Bakının Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Təəccüblənməyin. Sən demə, Abdin müəllim “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə” bu ordenə layiq görülüb. Xəbərdən anlaşılır ki, Abdin Fərzəliyev Rusiyanın Astraxan şəhərində bir sıra birgə layihələr həyata keçirir və regionda sosial sahəyə investisiya qoyur. …Ilham Əliyevin tapşırığı əsasında. Ilham Əliyevi başa düşdük, ancaq bilmirəm qanun icra başçısının belə fəaliyyətlə məşğul olmasına imkan verir, ya yox. Indi heç onu araşdırmayacağıq ki, Abdin müəllim Nərimanov rayonunun, onun sakinlərinin rifahı üçün büdcədən maaş alır. Vəzifə borcu da tələb edir ki, buranın sosial məsələlərinin həlli ilə məşğul olsun. Ilk növbədə. Hələlik bunu da qoyaq kənara. Bəlkə doğrudan da iki xalqın arasında dostluq münasibətlərinin inkişafı üçün bu kişi ordenə layiq iş görüb. Xəbəri incələyək.
2010-cu ildə Astraxanda Heydər Əliyevin heykəli qoyulub və heykəl qoyulan park yenidən qurulub. Heydər Əliyev adına 11 saylı ümumtəhsil orta məktəbi də yenidən qurulub, idman zalı, yeməkxana, akt zalı, fənn kabinetləri tikilib və müasir avadanlıqlarla təchiz edilib. Bundan başqa, ötən il Heydər Əliyev adına Dostluq körpüsü istifadəyə verilib. Heydər Əliyev parkında uşaqlar üçün oyun meydançası tikilib… Yaxşı, bu görülən işlərin iki xalqın münasibətlərinə nə dəxli var? Dərd burasındadır ki, bunlar adamların gəldi-gedər olduğunun da fərqində deyillər. Proletariatın dahi rəhbəri Lenin necə oldu? Bəlkə Əli Həsənov bu sualın cavabın bilir. Hər halda istənilən məsələdə onu sözçü ediblər. Istəsə, Quba, Ismayıllı hadisələriylə Astraxanda həyata keçirilən layihələr arasında bağlılıq tapa bilər. Istəsə… Hətta Abdin müəllimin ağır zəhməti bahasına başa gələn bu layihələrin yekununda lent kəsməyə niyə Leyla Əliyevanın getdiyinə də aydınlıq gətirə bilər. Astraxan uşaqlarının Quba, Ismayıllı, lap elə Nərimanov uşaqlarından fərqinə də…