İranın cənub-şərqi Sistan və Bəlucistan əyalətində polis məntəqəsinə hücumda azı 11 polis əməkdaşı öldürülüb. Hücumu cihadçıların üzərilərinə götürdüyü bildirilir. Məlumatı dekabrın 15-də dövlət televiziyası yayıb.
“Rask şəhərində polis qərargahına terror hücumunda 11 polis əməkdaşı öldürülüb, yaralılar var”, — əyalətin vali müavini Əlirza Mərhəməti deyib.
Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri ilə atışmada hücum edənlərin bir neçəsi öldürülüb. Hücuma görə məsuliyyəti sünni cihadçı “Ceyş Əl-Ədl” (Ədalət ordusu) qruplaşması üzərinə götürüb, – telekanal bildirib. “Ceyş Əl-Ədl” 2012-ci ildə yaradılıb, İranda terrorçu qruplaşma sayılır.
Əfqanıstanla həmsərhəd, yoxsul Sistan və Bəlucistan əyalətində indiyədək narkotik qaçaqçılığı bandaları, bəluc azlığı və sünni müsəlman ekstremistlərin iştirakı ilə iğtişaşlar baş verib.
Öncəki hücumlar
Daha öncə də oxşar hücumlar olub.
İyulun 23-də dörd polis əməkdaşı növbə çəkərkən öldürülüb.
İki həftə öncə isə silahlı insidentdə iki polis əməkdaşı və hücum edənlərdən dördü öldürülüb. Hücumu “Ceyş Əl-Ədl” qruplaşması üzərinə götürüb.
Mayda Sistan və Bəlucistan ostanının paytaxtı Zahidanın cənub-şərqində silahlı qruplaşma ilə toqquşmalarda beş iranlı sərhədçi öldürülüb. Dövlət mediasının yaydığı məlumata görə, hücumu ölkəyə soxulmaq istəyən terrorçu qrup gerçəkləşdirib, ancaq üzvləri yaralanandan sonra hadisə yerindən qaçıblar.
Mayın sonunda IRNA İran Sərhəd Qoşunlarının komandanı Qasım Rezaiyə istinadla xəbər yayıb ki, Taliban qüvvələri Sistan və Bəlucistanda İranın polis məntəqəsini atəşə tutub. Bu region həm də Əfqanıstanla sərhəddə yerləşir və iki ölkə su hüquqları ilə bağlı mübahisə edir.
Zahidan əsasən şiə ölkəsi İranda azsaylı sünni çoxluqlu şəhərdir. Ötən ilin sentyabrında burada aylarla çəkən etirazlarda ölüm halları qeydə alınıb. İğtişaşlara yeniyetmə qızın, guya, polis əməkdaşı tərəfindən zorlanması haqda xəbərlər səbəb olmuşdu.
Azadlıq radiosu