Rusiya Ermənistanı ‘qaçılmaz risklərlə’ hədələyir, Simonyan Yerevanın KTMT-dən çıxmasını istisna etmir

Moskva Yerevanı Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair Rusiyanın vasitəçiyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham etdikdən bir gün sonra, baş nazir Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 14-də habelə Paşinyan administrasiyasına Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 2020-ci il müharibəsi dövründə və ondan sonra əldə olunmuş başqa razılaşmalardan geri çəkilməmək xəbərdarlığı edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə verdiyi bəyanatda deyib:

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin olmadığı bir şəraitdə biz bu mühüm sənədlərin etibarsızlaşdırılması cəhdlərini son dərəcə təhlükəli hesab edirik. Belə addımlar ilk növbədə Ermənistanın özü üçün qaçılmaz risklərlə nəticələnəcək”.

Zaxarova daha sonra vurğulayıb ki, “Ermənistan bu risklərdən “Qərbin psevdovasitəçilərinin” köməyi ilə yayına bilməz:

“Ayrıca olaraq erməni tərəfi aylardır ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu maddəsini pozmaqla Azərbaycan və Ermənistan arasında dəmir yolu komunikasiyalarının bərpa olunmasını bloklamaqdadır”.

Azatutyun vurğulayır ki, sözü gedən bəyanatın 9-cu bəndində söhbət Azərbaycan və Naxçıvan arasında adamların, maşınların və yüklərin hərəkətinə Rusiya sərhədçiləri tərəfindən nəzarət ediləcəyindən gedir.

Lakin yüksək vəzifəli Ermənistan rəsmisi bildirmişdi ki, burada söhbət Rusiya sərhədçilərinin nəqliyyatı müşayiət etməsindən yox, hərəkəti yalnız “monitorinq” etmək funskiyasından gedə bilər.

Azatutyun yazır ki, “belə görünür, Azərbaycan Naxçıvanla xüsusi nəqliyyat rabitəsinin Ermənistaın nəzarəti altında olmamasını tələb edib”.

Azadlıq radiosu