Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan dekabrın 13-də Ermənistan ictimai televiziyasının efirində deyib ki, Azərbaycan Vaşinqtonda xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün keçirilməsi üçün ABŞ-ın dəvətini qəbul edib:
“Hazırda bu barədə informasiyamız var, Brüssel üzərində iş heç vaxt dayanmayıb, Brüsseldə görüşün baş tutması üçün iş davam edir”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, səfirin sözlərinə görə bu görüş 2024-cü ilin yanvarında baş tutmalıdır.
Marukyan əlavə edib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin razılaşdırılmış layihəsi hələlik yoxdur:
“Ümid onadır ki, yanvarda xarici işlər nazirləri səviyyəsində Azərbaycanın da razılıq verdiyi bu görüşdə biz razılaşma mətninin yekunlaşdırılacağı nöqtəyə çata bilərik”.
Azərbaycan tərəfi bununla bağlı hələki açıqlama verməyib.
Yerevan Bakını danışıqların Qərb platformasında davam etdirilməsinə çağırır
Azərbaycan danışıqlar masası arxasına qayıtmalıdır.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu dekabrın 13-də özünün eston həmkarı Marqus Tsaxkna ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:
“Biz bir neçə dəfə demişik ki, sülh müqaviləsi üzrə işin böyük bir hissəsi artıq görülüb. İndi bizə görüşərək çoxsaylı məsələlər üzrə yekun razılaşmalar əldə etmək lazımdır”.
Mirzoyan danışıqların formatı məsələsinə toxunarkən deyib ki, danışıqlar beynəlxalq aktorların vasitəçiliyi ilə davam etdirilməlidir:
“Amma bunun üçün Azərbaycanın siyasi iradəsi lazımdır”.
Azadlıq radiosu