“İsmayıllıda baş verənlər davam edəcək”

“İsmayıllıda baş verən proseslər ölkənin hər yerində davam edəcək. Polis gücü ilə bu narazılığın qarşısını almaq mümkün deyil və 2013-cü ildə Azərbaycanda mütləq köklü demokratik dəyişikliklər baş verəcək”.  Ziyalılar Forumunun qurucularından olan politoloq Eldar Namazov bu fikirdədir.

O, “Media forum” saytına açıqlamasında deyib ki, Ziyalılar Forumu ölkədə vəziyyətin ağır olduğu, sosial partlayışın baş verəcəyi, belə qanunsuzluqlara dözməyən insanların bir gün ayağa qalxacağına dair çox bəyanat verib və hakimiyyəti ciddi islahatların aparılmasına, köklü dəyişikliklərin edilməsinə çağırıb: “Təəssüflər olsun ki, hakimiyyət ziyalıların bu çağırışlarını qulaqardına vurub, ölkədə islahatlar keçirmək əvəzinə son aylarda Ziyalılar Forumuna qarşı çox sərt və amansız kampaniya aparmağa başlayıb. Hadisələrin inkişafı isə onu göstərir ki, bütün rayonlarda qanunsuzluqlar və bundan narazılıqlar ən yüksək həddə çatıb. İnsanlar sosial durumdan, maaş-pensiyaların aşağı olmasından, korrupsiyadan, rüşvətxorluqdan, məmur özbaşınalığından narazıdır.

Bütün ölkədə vəziyyət belədir. Qubadakı vəziyyət İsmayıllıdan, İsmayıllıdakı vəziyyət Gəncədəkindən fərqlənmir. Ona görə də belə hadisələrin baş verməsinin günahkarı nə bir neçə gənc arasında olan dava, nə də hansısa xarici qüvvənin təhrikidir. Bütün bunların səbəbi Azərbaycan hakimiyyətinin yürütdüyü daxili siyasətdir. İqtidar insan haqlarına hörmət qoymur, vətəndaşların sosial durumu hakimiyyətdəkiləri narahat etmir. Belə siyasətin nəticəsi bu cür olmalıydı.

Biz çox istərdik ki, demokratik dəyişikliklər seçki prosesində olsun. Konstitusiyada, qanunlarda nəzərdə tutulduğu hüquqlardan istifadə edib seçkidə müsbət dəyişikliyə nail olaq”.