Rusiya dekabrın 6-da onun Azərbaycanla Ermənistan arasında sülh danışıqları təşkil etmək təklifinə Yerevan tərəfindən məhəl qoyulmamasını və Yerevanın bu məsələdə daha çox Qərb vasitəçilərinə meyllənməsini pisləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 6-da keçirdiyi brifinqdə Yerevanın belə siyasətinin erməni xalqına bəla gətirə biləcəyini deyib:
“Biz ölkələrə (Azərbaycan və Ermənistana – red) Moskvada və ya üçüncü ölkələrdə keçirilən çoxtərəfli tədbirlərin meydançasında danışıqlar üçün təklif göndərmişik. Bakı belə danışıqların keçirilməsinə hazır olduğunu daim bildirib. Təəssüf ki, eyni sözləri erməni partnyorlarımız haqqında deyə bilmərik”.
“Qərblə oturub-durmağın nəticəsi”
Zaxarova, belə görünür, Ukraynanın Qərblə yaxın münasibətlərinə və ona qarşı Rusiyanın tammiqyaslı müdaxiləsinə işarə ilə deyib:
“Yəqin onlar (Ermənistan hakimiyyəti-red) hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən, Parisdən olan yeni məsləhətçiləri onlara daha maraqlı, daha səmərəli nə isə təklif edə bilərlər. Bilmirəm. Düşünürəm ki, Aİ-nin egidası altında, o cümlədən Praqa və Brüsseldə oturub-durmağın nəyə gətirib çıxaracağını anlamaq üçün qonşuların bundan əvvəlki təcrübəsini qiymətləndirmək həmişə faydalıdır”.
Mariya Zaxarova bildirib ki, Avropa İttifaqının 2022-ci ilin oktyabrında və mayında keçirdiyi Ermənistan-Azərbaycan sammitləri Yerevan üçün yaxşı qurtarmayıb.
Rusiya XİN-in nümayəndəsi deyib ki, həmin sammitlərdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinin gündəlikdə olmaması erməni əhalinin Qarabağdan çıxması ilə nəticələnib:
“Yenə də deyirəm: Praqada və Brüsseldə belə olub. Məhz qərblilərin köməyi ilə…Bunu vurğulamaq istəyirəm. Bilirəm ki, bu sözlərim müvafiq Ermənistan KİV-lərində təhrif olunacaq. Məhz qərblilərin vasitəsilə müvafiq sənədlərdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi haqqında bircə söz də deyilmirdi…Əgər həmin müddəalar sənəddə yer alsaydı, Yerevan hakimiyyətinə ümid edərək evlərini tərk edən adamlarda nə etməli olduqlarına dair suallar yaranmazdı”.
Azadlıq radiosu