ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen dekabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra X platformasında yazdığı postda bu görüşü “ABŞ-Azərbaycan arasında münasibətlərin gələcəyinə dair ilk konstruktiv söhbət” adlandırıb.
O yazıb ki, “regionda davamlı, ləyaqətli sülhün bərqərar edilməsi tarixi imkanlar açacaq”.
ABŞ danışıqların Vaşinqtonda davam etdirilməsinə hazırdır
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev də ölkəsinin regional sülh gündəliyini dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başa çatandan, Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqları nəzərə alaraq bu prosesə öz töhfəsini verə bilər.
Məlumata görə, Ceyms O’Brayen də, öz növbəsində, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.
“Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi” – məlumatda bildirilir.
O’Brayenin Azərbaycana səfəri nələri dəyişə bilər?
Son aylar ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə edilir. Bu gərginlik O’Brayenin noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələrində səsləndirdiyi bəzi fikirlərdən sonra daha çox müşahidə edildi. O’Brayen dinləmələrdə demişdi ki, Ermənistanla sülh sazişi imzalanmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq. Bundan sonra da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə keçirilməsi təklif olunan görüşlərdən imtina etdiklərini açıqladı.
ABŞ: “Maraqlarımıza zidd olardı”
O’Brayenin Bakıya səfərini şərh edən Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) “Turan”a bildirib ki, Azərbaycanla əlaqələri davam etdirmək fikrində olmadıqlarını heç vaxt deməyiblər: “Bu, bizim maraqlarımıza zidd olardı. Azərbaycanla bütün diplomatik əlaqələrimizdən imtina etsək, bu, regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı”.
Azadlıq radiosu