(Qocalar üçün birinci sinif nağılı)
“Balaca Mehriban Həlimə nənədən soruşdu:
– Nənə, niyə adımı eşidənlər “adı ilə böyüsün” deyir?
– Onlar istəyirlər ki, sən həmişə mehriban olasan.
Mehriban Heydər Əliyevin heykəlinə baxıb soruşdu:
– Nənə, bəs “Heydər” adının mənası nədir?
– Qızım, Heydər – vüqarlı, qüdrətli deməkdir.
– Həə… Yəqin uşaqlıqda ona da tez-tez “adı ilə böyüsün” deyiblər.
Həlimə nənə gülümsündü:
– Heydər Əliyevin qüdrəti sayəsində Azərbaycanımız çiçəklənən ölkəyə çevrilmişdir. Ona görə də xalqımız onu həmişə hörmətlə yad edəcək”.
Misir Mərdanovun “qələmə aldığı” bu “əsər” birinci sinif kitabından götürülüb. Mətnin bədii, əxlaqi, tərbiyəvi, nəsihətamiz baxımdan elə ölkəmizin günündə olmasını bir yana qoyuram. Indi birinci sinfin kitabına söz yazan adamdan durub Dostoyevski olmağı tələb eləmək olmaz. Hərçənd əslində gələcək kimlik birinci sinifdən uşaqların ağ kağız kimi beyinlərinə yeridilən informasiyalardan formalaşdığına görə birinci sinif üçün dərslik yazanların Dostoyevskidən də artıq olması gərəkir. Mürəkkəb dünyanı birinci sinif şagirdlərinin qavrayacağı şəkildə sadə yaza bilmək üçün məhz bu qədəri lazımdı.
Lakin iri mətləbləri bir yana qoyub qayıdaq bu “dahiyanə” mətnə. Dediyimiz kimi, hər şeyi bir yana qoyuruq. Primitivliyi, dadsızlığı, duzsuzluğu, əttökənliyi, saxtalığı, şitliyi, boşluğu…
Artıq insan çağının elə bir qəribə mərhələsində yaşayırıq ki, birinci sinfə gedən uşaqlar zamanında bizim 8-ci sinifdə bildiklərimizi bizdən daha dəqiq bilirlər. Yəqin hər kəs uşaqlarımızın bu irəligetmişliyini elə öz evindəcə görüb. Deməli, o birincilər, dərsliyi yazan əminin, xalanın (kitab əlimdə olmadığına görə müəllifin cinsini dəqiqləşdirə bilmədim) düşündüyü kimi taxtabaş deyillər. Evlərində çəkdiyi sitəmlər, yaşadığı acılar və bundan doğan söhbətlərdən artıq onlar kimin kim olduğunu çox yaxşı bilirlər. Məsələn, atası dükan işlədən uşaq evdə nə eşidir? Ata hər gün evə dönüb şikayətlənir: “Ölkə xaraba qalıb. Artıq it yiyəsini tanımır. Dövlət deyilən şey yoxdu. It-qurd işləməyə, balalarımıza bir tikə zəhər qazanmağa imkan vermir. Bu gün gəlib dedilər ki, filan qədər verməsən, dükanı bağlayacağıq, sökəcəyik, nə bilim, cibinə nəşə atacağıq, vergiyə görə həbs edəcəyik” və s. Və nə qədər bu cür, hətta bundan min dəfə fəci durumlar. Kiminsə evinin başına uçurulması, kiminsə əsgər qardaşının atəşkəs cəbhəsindən öldürülərək tabutunun, şikəst edilərək quru cisminin evə dönüşü və daha nələr, nələr. Bitməz, tükənməz. Deməli, sırf bu mətndə uşaq ən azı bir cümlənin yalan olduğunu görür: “Heydər Əliyevin qüdrəti sayəsində Azərbaycanımız çiçəklənən ölkəyə çevrilmişdir. Ona görə də xalqımız onu həmişə hörmətlə yad edəcək”. Əlbəttə, uşaqlar bilir ki, çiçəklənən ölkə heç də Gül bayramında 60 milyon manata alınan güllərin bolluğuna görə çiçəkli adlanmır və yad etmək məsələsinə də gəlincə, axı evdə o uşaqlar ayrı sözlər eşidirlər. Yad etmə heç də çiçəkli olmur…
Uşaq düşüncəyə dalır. Əminin onu aldatdığını dərk eləyir. Bəs niyə aldadır bu əmilər, xalalar? Çünki bu çiçəklənən ölkədə balasının acından ölməsindən qorxur. Balasını məktəbdə oxuda, repetitorlar tuta, instituta oturda bilməyəcəyindən və bir gün övladlarının onun üzünə t…dən qorxur. Bəs sabah, heykəllərin yıxıldığı gözəl bir gün öz rəzil mətni ilə aldatdığı uşaqların onu necə allı-güllü yad edəcəyindən qorxmurmu?..

“Nənə, bəs ”Heydər» adının mənası nədir?»
•
•