Yadınızdadırsa, postsovet məkanının ən məşhur kriminal avtoriteti “Ded Xasan” öldürüldükdən sonra analitiklər və ekspertlər birmənalı olaraq bu qətlin fəsadlarının Azərbaycandan yan keçəcəyini vurğulayırdılar. Səbəbsiz deyildi, çünki ïùê Heydər Əliyev hakimiyyətə ikinci dəfə gələndən sonra kriminal avtoritetlərə ölkəni tərk etmək əmri verdi, buna əməl etməyənlərə qarşı amansız müharibə elan etdi, nəticədə ölən öldü, sağ qalanlar isə təsadüf nəticəsində xilas ola bildi. Cinayətlərdə heç vaxt birbaşa iştirak etməyən “vor zakon”ların cibində narkotik və avtomobilində silah “tapılırdı”.
Əsasən Rusiya və digər postsovet ölkələrində məskunlaşmış azərbaycanlı avtoritetlər bu səbəbdən yaxınlarının xeyir-şərində də iştirak edə bilmirdilər. Həqiqət naminə etiraf etməliyik ki, Ilham Əliyevin dövründə “xeyir-şər” yasağı qismən də olsa aradan qaldırıldı ki, bu da səbəbsiz deyildi. Kriminal avtoritetlər adət etmədikləri “qardaş zümrə” ilə tanış olmağa başlayırdı – bunlar Azərbaycan məmurları idi…
Əslində Azərbaycanın kriminal avtoritetlərdən təmizlənməsi ilə paralel olaraq ölkədə kriminal rejim qurulurdu. Kriminal avtoritetin ənənəvi, tez-tez dəyişən konspirativ ofisi isti, rahat, müasir avadanlıqlarla təhciz olunmuş “qanuni” məmur kabineti ilə əvəz olundu. Bəli, analoqu olmayan bir rejim qurulurdu. Ölkənin Qərb, Şərq, Cənub, Şimal və Mərkəz olmaqla, bir neçə iri məmurun nüfuz dairələrinə bölünməsi prosesi başa çatdırıldı.
Quba hadisələri zamanı nəqliyyat naziri(!) Ziya Məmmədovun icra başçısı əvəzinə xalqdan üzr istəməsi yəqin ki, yadınızdadır. Qubadan deputat təyin edilmiş Vahid Əhmədovun hadisələrlə bağlı əcaib açıqlaması ölkənin hansı qanunlarla idarə olunmasına ən bariz nümunədir: “Dedim ki, problemin böyüməməsi, vəziyyətin daha da gərginləşməməsi üçün məsələ həll olunmalıdır, icra başçısını başqa yerə köçürün, digər adamlarınıza da deyin ki, sakit otursunlar.”
Istər-istəməz “Xaç atası” filmindəki qanqster vəkillərinin yalvarış dolu məsləhətləri yada düşür. Sual olunur, biz hansı quruluşda yaşayırıq? Özünüzü çətinə salmayın, tapa bilməyəcəksiniz…
Yalnız onu deyə bilərik ki, dünya Azərbaycanın timsalında orta əsrlərin idarə üsulu və XX əsrin amansız kriminal qanunlarının hökm sürdüyü unikal bir LABAROTARIYA ilə qarşı-qarşıyadır.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan, hüquq elmləri doktoru Elşad Abdullayevin göndərdiyi videolar ölkəni silkələdi desək, yəqin ki, yanılmarıq. Bəzən iddia edirlər ki, biz onsuz da bunları bilirdik, bu videolar bizimçün yenilik deyil. Bəli, doğrudur, biz bunları bilirdik, deyirdik, amma razılaşaq ki, bu, hakimiyyətin heç vecinə də deyildi – “faktınız varsa, buyurun, məhkəməyə müraciət edin”, deyirdilər.
Hazırda ölkədə tamamilə yeni siyasi situasiya yaranıb. Rejim artıq xalqdan “şübhələnməyə” başlayıb. Avtoritar yönətimlər üçün fəlakətli sayıla biləcək hakimiyyətdaxili parçalanmaya start verilib. Şərti olaraq, Mehdiyev və Paşayev adlandırılan qruplaşmalar arasında mübarizə pik həddinə çatıb. Bir qrup o birisinə, “göndərilən videolarda ”açıq vermisən” və getməlisən deyir” , o birisi isə, “sən guya aydan arı, sudan durusan?” deyir. Beləliklə, hakimiyyətin kriminal mahiyyəti daha qabarıq formada özünü büruzə verməyə başlayır. Antimehdiyevçilər belə zənn edirlər ki, videolarda adı keçənlər və onların ətrafı cəzalandırılsa, hakimiyyətin ömrü uzana bilər. Antipaşayevçilər isə, deyirlər ki, “yox, elə şey yoxdur, türklər demiş, hanca bərabər, kanca bərabər”.
Mehdiyevçi deputat(!) Zahid Orucun məlum açıqlaması isə, siyasi müdafiədən çox, öldürülmüş “ded Xasan”ın məzarı üstündə and içən kriminal avtoritetin hücum andına bənzəyir. Deputat, “çələng”, “güllə atanlar”, “istehkam”, “təmizləmə əməliyyatı”, “matəm çiçəkləri” və s. kriminal frazalardan istifadə edərək, çəkişmənin hansı müstəvidə davam edəcəyinə işarə edir. Türklər belə yerdə deyirlər ki, “kardeşim, burası dağ başımı?”.
Maraqlı məsələlərdən biri də Zahid Orucun Ramiz Mehdiyevi müdafiə israrıdır. Sirr deyil ki, onun təmsil etdiyi partiyanın sədri Fəzail Ağamalı və digər şefi spiker Oktay Əsədov hələlik bu barədə Mehdiyevin xeyrinə olmayan şəkildə susurlar…
Istər-istəməz Gülər Əhmədovanın parlament haqqında video-etirafı yada düşür.