BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) çıxardığı ilkin hökmdə deyilir ki, Azərbaycan sentyabr ayında keçirdiyi hərbi əməliyyatın ardınca Qarabağdan gedən ermənilərin təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etməlidir.
BƏM-in 17 noyabr tarixli qərarında deyilir ki, bu barədə yekun qərar olacaq və Azərbaycan sentyabrın 19-dan sonra Qarabağı tərk edən və ora qayıtmaq istəyənlərin təhlükəsiz, maneəsiz və çevik bir şəkildə dönüşünü təmin etməlidir.
Hakimlərin 13 leyhinə və 2 əleyhinə səsi ilə qəbul olunmuş qərarda bu da qeyd olunur ki, Qarabağdan getmək istəyənlərə, habelə orda qalmağı arzu edənlərə eyni münasibət tətbiq edilməli, “onların qaçmasına səbəb olacaq güc və təhdiddən istifadə olunmamalıdır”.
Hakimlər habelə Azərbaycanı region sakinlərinin qeydiyyat, kimlik və mülkiyyətə dair sənədlərinin qorunub saxlanmasını təmin etməyə və 8 həftə ərzində BMT məhkəməsinə keçid tədbirlərin həyata keçirilməsi vəziyyəti ilə bağlı hesabat təqdim etməyə çağırıb.
Azadlıq radiosu