Usubov kadrını niyə qoruya bilmədi?

«Rasim Musayevlə bağlı məsələyə ağlabatan izah verilməlidir»

“Normal cəmiyyətlərdə polis rəisi vəzifədən azad oluna bilər. Və bu da cəmiyyətdə, KIV-də sual yaratmamalıdır. Amma bizdə sual yaranır. Çünki bizdə hamı bu qütbləşməni görür”.
Bunu, hüquqşünas Aslan Ismayılov Gəncənin polis rəisi Rasim Musayevin qəfil işdən çıxarılmasına münasibət bildirərkən deyib. Xatırladaq ki, R.Musayevin işdən çıxarılmasına hələ ki rəsmi şəkildə aydınlıq gətirilməyib. Bəzi məlumatlara görə isə onun işdən çıxarılmasının kökündə Gəncənin icra başçısı Elmar Vəliyevlə yola getməməsi durur. Işdən çıxarılmamışdan bir gün əvvəl rəislə icra başçısının əlbayaxa olduğu da gələn məlumatlar sırasındadır. Qısası, Rasim Musayevin fəaliyyətindəki nöqsanların deyil, yüksək səviyyədə gedən intriqaların qurbanı olduğu deyilir. Belə olmasaydı, general rütbəsi daşıyan polis rəisi “yuxarıdan” gələn bir ultimatumla vəzifəsindən “könüllü şəkildə” getməzdi.
A.Ismayılov da R.Musayevi cinayətkarlığa qarşı qəti mübarizə aparan şəxs kimi xarakterizə edir: “Şəxsən tanımasam da, məndə olan məlumata görə, Rasim Musayev cinayətkarlığa qarşı qəti mübarizə aparan, şəxsiyyətinə hörmət edən bir insan olub. Formasına hörmət edib, bir çox başqa rəislər kimi icra başçısını görəndə ayağa qalxıb təzim etməyib. Gəncə çox mürəkkəb bir şəhərdir. Rasim Musayev kiminsə orada at oynatmağına, xüsusi imtiyaza sahib olmağına imkan verməyib. Onun işdən çıxarılması həqiqətən məlum insidentlə bağlıdırsa, mən buna çox təəssüf edirəm. Gəncədə hamı bilirdi ki, Rasim Musayev icra başçısı ilə yola getmir. Amma yola getməmək o demək deyil ki, başçı kimi istəsə prokuror, kimi istəsə polis rəisi etməlidir. Bu halda əlbəttə ki, orada özbaşınalıq olacaq. Polis rəisi icra başçısına yox, daxili işlər nazirinə tabe olmalıdır. Istənilən halda hesab edirəm ki, Rasim Musayevlə bağlı məsələyə ağlabatan izah verilməlidir ki, bu adam niyə vəzifəsindən uzaqlaşdırılıb. Çünki buna qədər də orada problemlər var idi”.
Polis rəisinin vəzifədən kənarlaşdırılmasının yüksək səviyyədə gedən intriqalarla bağlı olmasına gəlincə, A.Ismayılov deyir ki, bütün problemlərin kökü vəzifəli şəxslərin qanuna qulluq etməmələri ilə bağlıdır: “Cəmiyyət bu qütbləşməni görür deyə, sual yaranır ki, Ramil Usubov niyə öz kadrını qoruya bilmədi. Əslində bu ölkədə heç kim heç kimin kadrı olmamalıdır. Əgər hamı qanuna tabe olsaydı, belə problóemlər də olmazdı. Amma bu ölkədə hərə özünə bir sistem yaradıb. Hər bir nazir rəhbərlik etdiyi nazirliyi özünün mülkiyyəti sayır. Və bunlar qanuna tabe olmadığına, şəxsi maraq güddüyünə görə şəxsi maraqları toqquşanda bir-birilərini qırırlar. Əgər Gəncədə həm icra başçısı, həm polis rəisi qanuna qulluq etsəydilər, heç bir problem olmazdı. Bütün problemlərin kökündə duran budur”.