Jozep Borrel Azərbaycana mesaj verdi

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ermənistanda sərhəd monitorinq missiyasının uzadılması təklifini təsdiqləyiblər. Onlar həmçinin Ermənistanla viza liberallaşdırılması üzrə danışıqları aktiv fazaya keçirmək qərarına gəliblər. Bu haqda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel (Josep Borrell) noyabrın 13-də Brüsseldə məlumat verib.

Xarici İşlər Şurasının iclasının gündəliyinə Ermənistan-Azərbaycan münasibətləri də daxil idi.

“Ermənistandakı missiyamızı gücləndirmək… sərhədin həssas yerlərinə daha çox patrul yerləşdirmək qərarına gəldik”, – Borrel görüşdən sonra deyib.

“Biz həmçinin Ermənistana Avropa Sülh Fondu çərçivəsində mümkün dəstəyi və Ermənistan üçün viza liberallaşdırılmasını nəzərdən keçirəcəyik”, – diplomat sözlərinə əlavə edib.

Avropa Sülh Fondu Brüsselə birlik üzvü olmayan ölkələrin müdafiə qabiliyyətini artırmaq, münaqişələrin qarşısını almaq, sülhü gücləndirmək imkanı verir. Ukrayna, Gürcüstan və Moldova Aİ-dən bu layihə çərçivəsində yardım alır.

Azadlıq radiosu