Adı çəkilməyən ‘yüksək vəzifəli Rusiya rəsmisi’: ‘Paşinyan nəhəng addımlarla Zelenskinin yolunu gedir’

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxış həm Bakının , həm də Moskvanın kəskin reaksiyasına səbəb olub.

Adı çəkilməyən “yüksək vəzifəli Rusiya rəsmisi” ölkənin TASS rəsmi dövlət xəbər agentliyinə deyib ki, Paşinyan “nəhəng addımlarla” Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir:

“Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə aid hissəsini tamamilə məsuliyyətsiz və provokasiyalı kimi qiymətləndiririk”.

Həmin rəsmi TASS agentliyinə daha sonra deyib:

“Əgər Moldovanı 2 nömrəli Ukrayna kimi qəbul etsək, biz görürük ki, Ermənistanı 3 nömrəli Ukraynaya çevirmək istəyirlər”.

Azatutyun qeyd edir ki, Rusiya rəsmisi olduğu iddia edilən şəxs bunu kimin etmək istədiyini deməyib.

Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsini ilin sonunadək imzalamağa hazırdır.

Ermənistan Azərbaycanla sülh müqaviləsini ilin sonunadək imzalamağa və münasibətləri tənzimləməyə hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 17-də Strasburqda, Avropa Parlamentindəki çıxışında deyib.

O vurğulayıb ki, Yerevan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan, habelə nəqliyyat kommunikasiyalarını onların keçdiyi ərazinin suverenliyi prinsipi əsasında açılmasını nəzərdə tutan sülh müqaviləsini imzalamağa hazırdır.

Paşinyan ayrıca olaraq vurğulayıb ki, Yerevan Meğri dəmir yolunu (Azərbaycanda bunu “Zəngəzur dəhlizi” də adlandırırlar – red) Ermənistanın öz yurisdiksiyası altında açmağa hazırdır.

Baş nazir ehtiyatlandığını bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev “dəhliz” məsələsindən Ermənistana yeni hücum və işğal bəhanəsi kimi istifadə edə bilər.

Ermənistan baş naziri bu çıxışında habelə Avropa deputatlarından regionda sülhün bərqərar edilməsi işində dəstək istəyib.

Azadlıq radiosu