Birləşmiş Ştatlar İsraillə “Həmas” Fələstin silahlı qruplaşması arasında münaqişənin Yaxın Şərqə genişlənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu halda neftlə zəngin regionu münaqişə bürüyə bilər.
ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) oktyabrın 15-də deyib ki, “Hizbullah”, yaxud İranın İsrailin “Həmas”la müharibəsinə cəlb olunacağı riski var.
“Bu münaqişənin genişlənməsi, şimalda ikinci cəbhənin açılması və, əlbəttə ki, İranın cəlb olunması riski var”, – o, CBS-in “Face the Nation” proqramına deyib.
“Hizbullah” İsrailə şimaldan hücum edərsə…
Sallivanın sözlərinə görə, ən çox Livanda yerləşən “Hizbullah” qruplaşmasının İsrailə şimaldan hücum edə biləcəyindən narahatdır.
Son bir həftədə İranın dəstəklədiyi “Hizbullah” terror qruplaşması ilə İsrail qüvvələri arasında kiçik toqquşmalar olub.
Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İsrailə Qəzza zolağını işğal etməməklə bağlı xəbərdarlıq edib. O deyib ki, bu halda Tehran seyrçi kimi qalmayacaq.
Azadlıq radiosu