Gürcüstan Azərbaycanla Ermənistanın görüşünə ev sahibliyi edə bilər

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, əgər Ermənistanın da razılığı olarsa, Azərbaycan “dərhal” Gürcüstanın ev sahibliyi ilə görüş keçirilməsinə razıdır.

Ölkə prezidenti bu barədə Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə açıqlamasında danışıb.



“Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”

“Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”, – İlham Əliyev deyib.

Gürcüstanda səfərdə olan Prezident Əliyev oktyabrın 8-də Tbilisidə Qaribaşvili ilə birgə mətbuat konfransında bəyanatında bildirib ki, “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”.

Qaribaşvili də çıxışında Gürcüstanın sülh danışıqlarına qoşulmağa hazır olduğunu bildirib. Gürcüstan baş naziri ölkəsinin hər zaman tərəfsiz mövqedə olduğunu da bildirib.

İrakli Qaribaşvili deyib ki, ölkəsinin Azərbaycan və Ermənistanın sülh sazişini imzalayacağına böyük ümidi var.

Xatırladaq ki, Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin bu ayın sonu Brüsseldə görüşəcəklərini açıqlayıb.

Daha öncə

İlham Əliyev oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan beştərəfli danışıqlara qatılmaqdan imtina etmişdi.

Bəzi xəbərlərə görə Bakı Qranada görüşündə Türkiyənin də iştirakını istəmişdi. Bu təklifi Almaniya və Fransanın qəbul etmədiyi xəbər verilirdi.

Buna baxmayaraq Azərbaycan prezidentinin xarici siyasət müşaviri Hikmət Hacıyev bildirmişdi ki, Bakı danışıqların üçtərəfli formatda – Avropa İttifaqının vasitəçiliyi ilə davam etdirilməsinə tərəfdardır.

AFP yazır ki, Azərbaycan Fransanın Ermənistanı silahlandırmaq planlarından narazıdır.

Azadlıq radiosu