Qarabağ erməniləri nə qədər maaş alırdılar?

19-20 sentyabr tarixlərində keçirilən “antiterror” əməliyyatlarından sonra Azərbaycan keçmiş Dağlıq Qarabağ adlanan əraziyə nəzarəti tam bərpa edib. Rəsmi Bakı tezliklə Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı sosial-iqtisadi paket açıqlayacağını da bildirib. Bəs keçmiş Dağlıq Qarabağ bölgəsində nəzarət bərpa edilənədək orada yaşayan ermənilərin güzəranı necə olub?

Gələn il yanvarın 1-dən özünü buraxdığını elan edən separatçı qurumun “statistika komitəsi”nin ötən ilin ilk yarısı ilə bağlı açıqladığı hesabatdan bəlli olur ki, həmin dövrdə Dağlıq Qarabağda orta aylıq əməkhaqqı 248 min 726 dram – 903 manat olub. Müqayisə üçün: 2022-ci ilin ilk altı ayının sonunda Azərbaycanda orta aylıq əməkhaqqı 827 manat idi, yəni, Dağlıq Qarabağdakı orta rəqəmlə müqayisədə 9.2 faiz az.

Dağlıq Qarabağda orta aylıq əməkhaqqını sektorlar üzrə nəzərdən keçirdikdə bəlli olur ki, “dövlət sektorunda” əməkhaqqı özəl sektordan daha yüksəkmiş. Ötən ilin ilk altı ayının yekununda Dağlıq Qarabağda separatçı qurumun orqanlarında çalışan şəxslərin orta aylıq maaşı təxminən 978 manat olub. Eyni dövrdə Azərbaycanda dövlət sektoru üzrə qeydə alınan orta aylıq əməkhaqqı göstəricisi 775 manat idi. Özəl sektorda isə Azərbaycanda qeydə alınan göstərici Dağlıq Qarabağ ortalamasından daya yüksək olub. Ötən ilin ilk yarısında Azərbaycanda özəl sektorda orta aylıq əməkhaqqının 887 manat olması açıqlanmışdı. Eyni dövrdə Dağlıq Qarabağda özəl sektorda çalışanların orta aylıq maaşı 730 manat olub.

Azadlıq radiosu