Qranadada Azərbaycansız bəyanat qəbul olundu

Avropa İttifaqı Siyasi İcmasının İspaniyanın Qranada şəhərində keçirilən 3-cü sammitinin əsnasında Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının prezidenti Şarl Mişel bir araya gəliblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan baş nazirinin ofisinə istinadla yazır ki, bu görüşdə birgə bəyanat qəbul olunub.

Bəyanatı imzalayanlar Ermənistan sərhədlərinin, suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığına qətiyyətli dəstək ifadə ediblər.

Onlar habelə Aİ-Ermənistan ikitərəfli münasibətlərinə bütün aspektlərdə dəstək bildiriblər.

Qaçqınların hüquqları

Görüş iştirakçıları razılığa gəliblər ki, bugünlərdə Qarabağdan böyük köçkün axını ilə üzləşən Ermənistana əlavə humanitar yardım göstərilməlidir.

Bəyanatda deyilir ki, qaçqınların, onlara hər hansı qeyd-şərt qoyulmadan, beynəlxalq nəzarət altında öz evlərinə qayıtmaq hüququndan istifadə etməsinə imkan yaradılmalı və bu zaman onların tarixi və mədəni irsinə, habelə insan haqlarına ehtiram nümayiş etdirilməlidir.

Görüş iştirakçıları bildiriblər ki, Avropa Şurasının rəhbəri Şarl Mişelin 14 may və 15 iyul bəyanatlarında qeyd olunduğu kimi suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirəcəklər.

Mişelin həmin bəyanatlarında Azərbaycan və Ermənistanın əraziləri müvafiq olaraq 86,600 km2 və 29,800 km2 şəklində qeyd olunmuşdu.

Sərhədlərin açılması, saxlanılanların buraxılması

Bəyanatda gücdən və ya güc tətbiqi ilə hədədən çəkinmə prinsipinin ciddi gözlənilməsinə çağırış edilir.

Sənəddə qeyd olunur ki, iki ölkə arasında sərhədlərin SSRİ baş qərargahının ən son xəritələri əsasında delimitasiyası, qoşunların aralanması, sülh müqaviləsinin yekunlaşdırılması və bütün humanitar problemlərin həll edilməsi zəruridir.

Bəyanatda habelə regional əməkdaşlığın genişləndirilməsinə, Ermənistan və Türkiyə arasında sərhəd də daxil, bütün sərhədlərin açılmasına, ölkələrin suverenlik və yurisdiksiyasına ehtiram əsasında kommunikasiyaların açılmasına çağırış edilir.

Azatutyun yazır ki, Avropa liderləri Ermənistanı və Azərbaycanı bütün saxlanılmış şəxslərin azad olunmasına, itkinlərin taleyinin müəyyənləşdirilməsi və minaların təmizlənməsi sahəsində əməkdaşlığa çağırıblar.

Azadlıq radiosu