Arutyunyan bu maddələrlə ittiham edilir – Rəsmi

Qarabağda tanınmayan və bugünlərdə fəaliyyəti dayandırılan qurumun – “Dağlıq Qarabağ Respublikası”nın keçmiş rəhbəri Araik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında xəbər verilir.

Məlumatda vurğulanır ki, A.Harutyunyan hələ 2020-ci il oktyabrın 28-də barəsində məhkəmənin qərarı əsasında həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib: “Cari il oktyabrın 3-də Araik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib”. (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama…, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma,… cinayətkar əmr vermə, qəsdən adam öldürmə, terrorçuluq və s.)

Həmin maddələrlə şəxsə ömürlük həbsə qədər cəza verilə bilər.

İttihamlara A.Harutyunyan və onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Rusiya XİN münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 4-də keçirdiyi brifinqdə deyib ki, Qarabağın keçmiş erməni liderlərinin saxlanılması ilə bağlı Moskvaya heç bir rəsmi və ya qeyri-rəsmi müraciət daxil olmayıb: “İlk növbədə xatırlatmaq lazımdır ki, adıçəkilən şəxslər Ermənistan vətəndaşlarıdır. Onlardan kimisi Rusiya vətəndaşlığından imtina edib, kiminsə də lap əvvəldən Ermənistan vətəndaşlığı olub. Bu gün üçün onlardan heç birinin Rusiya vətəndaşlığı yoxdur”.

Bakı Yerevana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in bəyanatını pisləyən açıqlama yayıb.

Açıqlamaya görə, sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü “təcavüzkar” siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir: “Bu bəyanat həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir”.

+++

Rəsmi Yerevan Qarabağın keçmiş separatçı liderləri Arkadi QukasyanBako SaakyanAraik ArutyunyanRuben Vardanyan və başqalarının Azərbaycan tərəfindən saxlanılmasını pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir ki, Qarabağ nümayəndələri ilə aparılan dialoqa, Azərbaycan rəsmilərinin ermənilərin hüquqlarına hörmət ediləcəyinə, onların Qarabağa qayıtmasına maneçilik törədilməyəcəyinə dair bəyanatlarına rəğmən, Azərbaycanın hüquq-mühafizə orqanları həbsləri davam etdirir.

Yerevan bildirir ki, Dağlıq Qarabağın “qanunsuz” həbs edilmiş nümayəndələrinin hüquqlarının, o cümlədən beynəlxalq məhkəmələrdə müdafiə olunması üçün mümkün olan bütün addımları atacaq.

Ermənistan beynəlxalq partnyorları Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müdafiəsinə dair Bakıya ünvanlanmış bəyanatlarda ardıcıl olmağa, bu məsələni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq instansiyalarda nəzərə almağa çağırır.

Azadlıq radiosu