Savaş yorğunluğu artsa da, ABŞ milyardlarla yardımını ilsonunadək təsdiqləyə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 21-də Vaşinqtona qısa səfəri zamanı Kapitolidə ABŞ senatorları ilə görüşüb. O bu görüşdə deyib ki, ABŞ-ın dəstəyi olmasa, ölkəsi Rusiya hücumuna qarşı ölüm-dirim mübarizəsində yeniləcək.

Həmin görüşdən iki həftə keçmədən ABŞ Konqresində Ukraynaya dəstək büdcəsinin təsdiqinə dair partiyalararası və partiyadaxili qarşıdurma daha da qızışıb. Konqres sentyabrın 30-da hökumətin fəaliyyətinin dayandırılmaması üçün son anda müvəqqəti büdcə qəbul edib. Bu büdcədə Ukraynaya yardım nəzərdə tutulmayıb.

ABŞ-da siyasətçilər, ekspert və təhlilçilər Konqresin Ukraynaya nəzərdə tutulan irihəcmli yardımı ilsonunadək təsdiqləyəcəyinə inanırlar. Onların bu inamı hər iki partiyada Ukraynaya yardımı dəstəkləyənlərin say çoxluğuna əsaslanır.

Bununla belə, Ukraynaya yardımın büdcədən çıxarılması Qərbdə Ukraynaya dəstəyin azalmasından xəbər verir. Bu, ilk növbədə Rusiya təcavüzünün sonunun görünməməsi, eləcə də Şimali Amerika və Avropanın yüksək inflyasiya ilə üzləşməsi ilə bağlıdır.

“Moskvanın bunu qələbə, Qərbin müharibədən yorulması kimi qələmə verəcəyinə şübhə yoxdur”, – 2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri olmuş Con Hörbst  belə deyib.

Azadlıq radiosu