Azərbaycanda açıqlanan inflyasiya həqiqəti əks etdirirmi?

İnflyasiya son illərin ən yayılmış iqtisadi terminidir. Koronavirus pandemiyası başlayandan bəri qlobal iqtisadiyyatın ən ciddi problemi qiymət artımları olub. Son illər bir çox ölkədə inflyasiya ilə bağlı antirekordlar qeydə alınıb. Azərbaycanda da inflyasiyanın təsiri son illərin ən yüksək səviyyəsinə çatıb. Ötən il ölkədə rəsmi açıqlanan inflyasiya 14 faiz olmuşdu. Bu, qlobal maliyyə böhranının baş verdiyi 2008-ci ildən bəri Azərbaycanda qeydə alınan ən yüksək inflyasiya səviyyəsi idi. Əhali əlindəki pulun tən yarısını xərclədiyi ərzaq məhsulları da 20 faizdən çox bahalaşmışdı. Bu il də inflyasiya yüksək olaraq qalmaqdadır. Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, hazırda ölkədə inflyasiya göstəricisi 11.7 faizdir. Bu, Mərkəzi Bankın inflyasiyaya dair hədəf diapozonundan (2-6 faiz) iki dəfə yüksək göstərici deməkdir.

Azərbaycanda rəsmi açıqlanan inflyasiya göstəricisi yetərincə yüksək olsa da, çoxları bu rəqəmlərin də real durumu əks etdirmədiyini düşünür. Sadə vətəndaşlarla yanaşı, müstəqil ekspertlər də DSK-nın açıqladığı rəqəmlərin real durumu tam göstərmədiyini düşünürlər. “Meyar” Sosial İqtisadi Tədqiqat Qrupunun alternativ inflyasiya ölçülməsi ilə bağlı araşdırması da ölkədə inflyasiyanın hesablanması prosesində çağırışların olduğunu təsdiqləyir.

Azadlıq radiosu