İşgəncələrlə bağlı Milli Şuranın bəyanatı

Azərbaycanda vətəndaşlara qarşı inzibati zorakılıq və işgəncə halları yenidən artıb. Bu xüsusda ictimailəşmiş ən son məlumatlara görə:

  • Dindar məhbus Ceyhun Balaşovu işgəncə ilə elektrik cərəyanına qoşmaqla əlil arabasına məhkum ediblər. Ceyhun Balaşov deyib:

“Aparatı belimə yapışdıran kimi, tokun gücündən, ağrının şiddətindən huşum başımdan getdi…”. Ceyhun Balaşov hazırda sərbəst hərəkət edə bilmir…

  • Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağəli Yəhyayev dəhşətli işgəncələrə məruz qalıb. İşgəncələrin şiddətinə dözə bilməyib, etmədiyi cinayətlərə imza atıb. Bunu onun özü telefon danışığında bacısına bildirib.
  • Xocahəsən qəsəbəsinin Telman adlı axundu narkotik ittihamı həbs edilib, lakin məhkəmədə bəlli olub ki, onu şərləyiblər, saxta ittihamı üzərinə götürməsi üçün isə polis idarəsində hətta cinsi zorakılığa məruz qoyacaqları ilə də hədələyiblər.

Yeri gəlmişkən, son vaxtlar işgəncəyə məruz qalan şəxslərin çoxu həm də polisdə cinsi zorakılıqla təhdid edildiklərini bildirirlər.
Azərbaycanda Əliyevlər hakimiyyətinin bütün illərində inzibati zorakılıq və işgəncədən istifadə edilib. İlham Əliyev hətta siyasi müxalifətin və vətəndaş cəmiyyətinin lider isimlərinə də işgəncə verdirməkdən çəkinməyib. AXCP sədri Əli Kərimli, Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublu, Milli Şura KM-in mərhum üzvü İbrahim İbrahimli, AXCP funksionerləri Fuad Qəhrəmanlı, Aqil Məhərrəmli, Babək Həsənov, Niyaməddin Əhmədov, Əlizamin Salayev, ictimai fəallar Bəxtiyar Hacıyev, Mehman Hüseynov və bir çox başqaları, ümumilikdə 100-lərlə insan müxtəlif zamanlarda və şəraitlərdə ciddi işgəncəyə məruz qalıblar. Nardaran və Gəncə hadisələri zamanı həbs olunanlara, Tərtərdə hərbçilərə kütləvi şəkildə verilmiş dəhşətli işgəncələr, o cümlədən Gədəbəyin Söyüdlü kəndində ekoloji problemlərinə görə etiraz edən sakinlərə qarşı aşırı polis zorakılığı ayrıca qeyd olunmalıdır.

Sadalanan faktlar ölkədə inzibati zorakılıq və işgəncənin dövlət siyasətinə çevrildiyini göstərir. Təsadüfi deyil ki, “Tərtər işi” üzrə təkrar məhkəmələr də əsasən işgəncə icraçılarını cəzalandırıb, işgəncəyə göstəriş verənləri və rəhbərlik edənləri məsuliyyətdən yayındırmağa xidmət edir. Yaxud, bugünlərdə bəlli oldu ki, 5 saylı cəzaçəkmə müəssisəsində ağlasığmaz işgəncələrlə məhkum, Qarabağ qazisi Sübhan Ağayevin ölümünə səbəb olmuş ədliyyə mayoru Hümbət Məmmədovu Salyan rayon məhkəməsi sadəcə, 2 min manat cərimə etməklə kifayətlənib.

Son vaxtlarda dövlət orqanları səviyyəsində işgəncələrə yol verilməsinin yenidən intensiv xarakter alması göstərir ki, İlham Əliyev hakimiyyəti bu anti-insani, qanuna zidd əməldən idarəçilik aləti kimi istifadəni dayandırmaq fikrində deyil.

Milli Şura ilk növbədə beynəlxalq birliyi, dünyanın demokratik ictimaiyyətini Azərbaycanda işgəncənin dövlət siyasətinə çevrilməsinə qarşı sərt mövqe bildirməyə çağırır.

Azərbaycan xalqı ölkədəki işgəncə mexanizmini, onun sifarişçi və icraçılarını rədd edir, hakimiyyətin bu anti-insani rəftara son qoymasını istəyir. Lakin ölkədə bərqərar olmuş repressiv mühit bu ictimai mövqenin kütləvi şəkildə va açıq ifadə edilməsinə imkan vermir. Milli Şura bəyan edir ki, üzləşdiyi bütün çətinliklərə, təqib və təzyiqlərə rəğmən İlham Əliyev hakimiyyətinin anti-demokratik, anti-xalq, anti-insani fəaliyyətinə qarşı mübarizəsini davam etdirəcək.

Milli Şura Azərbaycan xalqını bu mübarizədə ona daha kütləviliklə və daha cəsarətlə dəstək verməyə səsləyir. Xalqımız düşdüyü indiki vəziyyətlə barışmamalı, İlham Əliyev hakimiyyətinin ölkəni daha uzun müddətə fəlakətlərə sürükləməsinə imkan verməməlidir.