“Binə”dəki üsyanda saxlanılanlar haqqında həbs-qətimkan tədbiri seçildi.
Saxlanılanların yaxınları dünənki məhkəməyədək ümid içində idilər. Mətbuatdan uzaq durdular, susmağa üstünlük verdilər, dəstəyini təklif edən hüquq müdafiəçilərinə, tanınmış vəkillərə isti yanaşmadılar.
Bu yolla saxlanılanların durumunu daha da ağırlaşdırmayacaqlarını düşündülər. Amma olmadı.
Olması da mümkünsüz idi: növbəti belə xalq etirazlarını, gözlənilməz ayaqlanmaları, başqaldırıları önləmək üçün rejimin yeganə çarəsi həbslərdir, repressiyalardır. Sonrakılara görk olsun deyə. Topluma həddini bildirmək, sınmaqda, sarsılmaqda olan qorxu, xof imperatorluğunu möhkəmləndirmək üçün.
***
Həbs edilənlərin yaxınları qınanmalı deyil – onlar indiyədək ictimai-siyasi proseslərdən kənar durduqları, ona görə də bu sadə həqiqətdən xəbərsiz olduqları üçün susdular və gözlədilər. Amma artıq ölkədəki acı reallığı daddıqlarına görə mətbuatla, hüquq müdafiəçiləri, insan haqları təşkilatları ilə əl-ələ vermələrində fayda var. Artıq onların da ölkədə hüquq və ədalət mücadiləsi verən insanlardan başqa kimsələri yoxdur.
O biri tərəfdən, toplumun aktiv kəsimi də “Binə” etirazçılarına sahiblənməlidirlər. Quba hadisələrinə görə həbs edilənlər uzun müddət unuduldu, bir də məhkəmələri başlayanda yada düşdülər. Eyni laqeydlik “Binə” etirazçılarına sərgilənməməlidir.
Haqq səsini duyuran, etirazını içinə atmayan hər kəsə “bizdən biri” kimi yanaşılmalıdır.
Onların da məhkəmələrinə partiyalı aktivistlərin, müstəqil fəalların, söz, ifadə azadlığına görə həbsə atılan tanınmışların məhkəmələrinə göstərilən diqqət, həssaslıq nümayiş etdirilməlidir.
Kimsə bu ölkədə hüquq, ədalət, qanunların aliliyi uğrunda mübarizəsində, etirazında yalnız olduğunu düşünməməlidir.
***
Rejimin dünənki həbslərlə nail olmağa çalışdığı “kütləvi qorxunu bərpa etmək” cəhdinə gəlincə.
Havayı zəhmətdir. Boşunadır. Mənasız işdir.
Əslində Azərbaycanda artıq onillərdir davam edən repressiya siyasətinin də işə yaramadığı gün kimi aydındır: Yaptokratiya rejimi 10 ay əvvəlki Quba üsyanından sonra öncə heç kimin həbs olunmayacağına dair söz verib, sonra o sözü unutsa da, dəyişən heç nə yoxdur. Artıq qandallar gücünü itirib. Həbslər toplumun qəzəbini açıq ifadə etməsini önləməkdə acizdir.
Insanlar qaradan artıq rəng olmadığını görürlər.
“Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?” düşüncəsinə yaxınlaşırlar.
“Islanmışın yağışdan nə qorxusu?” qənaətinə gəlirlər.
Ona görə də hər hansı xalq etirazı sonrası həbslər artıq heç bir anlam ifadə etmir.
Ifadə etsəydi, məşhur 2 aprel aksiyasından sonra Quba hadisələri yaşanmazdı. Quba hadisələrindən sonra “Binə” üsyanı baş verməzdi.
Bəli, repressiyalar etiraz qığılcımlarını söndürməyə, günün birində isə xalq hərəkatını alovlandırmasının qarşısını almağa qadir deyil.
Bunu bacarsa, bacarsa, reaksiyasızlıq bacara bilər.
Toplumun reaksiyasızlığı – məsələn, Quba hadisələrinə görə tutulanların istintaqı dövründəki unutqanlığı və onların məhkəməsi zamanı susqunluğu kimi.
Xalqın içindən çıxan etirazçılara belə münasibət ona gətirib çıxara bilər ki, kütlənin içində “nəyimə lazımdır?” əhval-ruhiyyəsi yenidən güclənər.
Necə ki, adamlar ölkədəki sahibsizlikdən bezir və etiraza qalxır, bax eyni səbəblə də – sahibsizlikdən növbəti qəflət yuxusuna gedə bilir.
Rejimin xalqa sahiblənməməsi onun etirazını körüklədiyi kimi, ölkəyə dəyişiklik, ədalət, hüquq, azadlıq vəd edənlərin də xalqın etirazına sahiblənməməsi onu təzədən təslimçiliyə məcbur edə bilər.
Bunu əsla gözardı etməyək!

Hansı təhlükəlidir: repressiya, yoxsa reaksiyasızlıq?
•
•