2013-ün 20 yanvar qırğını

“Azadlıq”da gedən bir xəbərdə hakimiyyətin Rüstəm Ibrahimbəyova qarşı yeni gözdənsalma kampaniyası apardığından bəhs edilir. Bununla bağlı “ATV” kanalına tapşırıq verildiyi, Şamaxının Muğanlı kənd sakinlərindən onun əleyhinə ifadə alınacağı deyilir. Bildirilir ki, birinci cəhd baş tutmayıb, çünki Muğanlı camaatı ondansa öz dərd-sərlərinin işıqlandırılmasını istəyiblər. Buna görə çəkilişlər baş tutmayıb. Ancaq qəzet yazır ki: “ATV-nin Rüstəm Ibrahimbəyovla bağlı tapşırılan süceti hazırlamaq üçün bu gün yenidən Şamaxıya gedəcəyi bildirilir”.
“Bu gün” dediyi isə 2013-cü il yanvarın 20-sidi. Şəhidləri anma günü. Məsələ də bundadı. Ayın tarixində. Ola bilər, növbəti cəhd 21-də, 22-də olsun. Heç nə dəyişmir. Yanvar ayı başdan ayağa “20 yanvar”dı. Demək istədiyim bu. Bu 20 yanvar heç bitmir. Vətəndaşların yurd sevgisini, respublikaçılığını, demokratiya və azadlıq istəyini, dövlət tutqusunu, cəsarətini, qeyrətini boğmaq üçün icra edilən hər bir əməl 20 yanvar deməkdi.
Elə isə, hakimiyyətdəkilərin 20 yanvarda Şəhidlər xiyabanını ziyarət etməsinin anlamı nə? Bu bir şoumu, saxtakarlıqmı? Kimi aldadırlar? Sən elə həmin bu yanvarda Rasim Balayevin ruhunu soyduran hakimiyyət deyilsənmi, arkadaş? Və həmin məktubu yazdırırsansa, bunun 20 yanvarda törədilən qətliamdan nə fərqi? Bəzən bir ziyalının mənən sındırılması yüzlərlə insanın şəhid olmasından daha faciəli olur. Ya Rüstəm Ibrahimbəyova qarşı qaralama, usandırma, bezdirmə, tək qoyma kampaniyası aparırsansa? Bir fərqi varmı həmin 20 Yanvardan? Və sən bu gün millətin özəyini təşkil edən yüzlərlə belə ziyalıya iyrənc bir savaş açırsansa, demək, 20 yanvar qırğını hələ də bitməyib, daha qansız şəkildə davam edir.
Elə yanvarın 19-da “Binə” və “Sədərək” yarmarkalarının icarədarlarının keçirdiyi etiraz aksiyası. Məgər onların istəyini təkcə sosial amillə bağlamaq olarmı? Yox. Onların hər birinin evində körpə var, məktəbli, ali təhsil alan tələbə, əsgər var. Təqaüdçülər, qocalar var. Onların yaşaması, təhsil alması, savadlı kadrlar kimi yetişməsi vətən üçün deyilmi? Iki ay həbs… Istədiyiniz onların səfalət içində yaşaması, ölməsidiydi, eləmi? Ölməsələr, dirçəlsələr, ola bilsin ki, sabah sizin hakimiyyətə qarşı çıxa bilərlər. Deməli, onların aksiyası siyasi olmadığı qədər də siyasidi, hansısa buxovdan, istismardan qurtulma və üsyan cəhdidi. Bu cəhd baş tutmadıqca, istəklər təmin edilmədikcə gərginlik və narazılıq daha da şişəcək, daha doğrusu şişib, hamısı da narazıdı, sadəcə, indi bu narazılıq açıq etiraz fazasına keçib. Orada atılan daşlar hansısa hücum, ya müdafiə, ümumiyyətlə, aqressiya göstəricisi deyil, narazılığın daşa çevrilmiş formasıdı.
Aksiyaçılara iki ay həbs verildi. Məsələ bu deyil. O həbs edilənlər kimlərdi? Kim olacaq, elə bizim qohum-əqrəba, qardaş, dost. Və əmin olun ki, onların çoxu zaman-zaman meydanlara axışıb həbs edilən, işgəncə görən, ama yolundan dönməyən müxalifətçilərə gülüblər, lağa qoyublar, anlamayıblar ki, bu davalar elə onlar üçündü. Indi öz səbir kasaları daşıb və qanlarını şüşəyə tutan Kəbirəyə, əslində isə rejimə qarşı çıxıblar. Yaxşı, nədən bu adamlara cinayət işi açılır? Icazəsiz aksiyada “xuliqanlığa” görəmi? Sanki onların ayrı bir yolu da varmış. Axı kimdi onları normal şəraitdə eşidən? Hələ bu boyda aksiyadan sonra Kəbirə onların üstünə silahla gəlir və zaman-zaman dediyi sözü təkrarlayır: “Kimə istəyirsiniz, şikayət edin!”. Çünki Kəbirə eləcə Kəbirə deyil, Əliyev hakimiyyətinin özüdür. Və o hakimiyyət hər il təmtəraqlı şəkildə 20 Yanvar şəhidlərini ziyarət etməyə gedir. Sanki vətən ancaq 1990-da varmış, onu yalnız həmin ildə sevmək olarmış. Görünür, özləri də dərk eləyirlər ki, indi o sevimli vətəndən heç nə qalmayıb. Şəhidlər xiyabanından başqa. “Elə isə, Rüstəm Ibrahimbəyov nə istəyir,- fikirləşirlər,- axı vətən yoxdu…”.