Bugün, iyulun 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin əməkdaşı Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə onun vəkili Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, Sabunçu Rayon Məhkəməsində istintaq orqanın vəsatətinə baxılıb və Elxan Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil qeyd edib ki, partiya üzvü özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Elxan Əliyevi iyulun 26-da polis saxlayıb. Ona və başqa iki nəfərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Onlar vətəndaşın etibarından sui-istifadə edərək torpaq sahəsini saxta sənədlər əsasında satmaqda ittiham olunurlar
Həbsindən əvvəl Elxan Əliyev Facebook səhifəsində videomüraciət yayaraq “hakimiyyətin oyunu ilə üzləşə biləcəyindən ehtiyatlandığını” bildirmişdi.
Amma Daxili İşlər Nazirliyindən qeyd olunub ki, Elxan Əliyevin sosial şəbəkələrdə paylaşdığı müraciət öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir.
Azadlıq radiosu