Ukrayna əks-hücumunun yeni fazası başlanıb – Qərb mediası

Ukrayna ordusu əsas qüvvələrini Zaporojye vilayətində cəmləşdirərək əks-hücumun yeni fazasına başlayıb.

Bu barədə məlumatı Pentaqondakı iki mənbəyə istinadla The New York Times qəzeti verib.

Mənbələr iddia edirlər ki, Ukraynanın cənub-şərq regionundakı hücum əməliyyatında Qərbdə təlimləndirilmiş hərbçilər iştirak edir və Qərbdən alınmış ən təkmil texnikadan istifadə olunur. İndiyədək bu qüvvələr əsasən ehtiyatda saxlanırdı.

Qəzetin yazdığına görə Ukrayna rəsmiləri ABŞ-a məlumat veriblər ki, Ukrayna silahlı qüvvələri Rusiyanın minaladığı ərazilərlə cənub istiqamətindəki Tokmak şəhərinə doğru irəliləməyə cəhd göstərir. Əgər bu hücum əməliyyatı uğurlu olarsa, Ukrayna qüvvələrinin Melitopol şəhərinə yolu açılacaq.

Pentaqondakı mənbələr bildiriblər ki, bu hücumdan məqsəd Rusiyanın Ukraynanın cənubunda işğal etdiyi ərazilərlə ilhaq edilmiş Krım arasında quru yolun kəsilməsidir.

Bu da qeyd olunur ki, Ukraynanın yeni əməliyyatı bir həftədən üç həftəyədək davam edə bilər.

Azadlıq radiosu