Bu ticarət mərkəzində də aksiya hazırlıqları gedir
Hər iki bazarda soyğunçuluq pik həddə çatıb
“Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar etiraz aksiyası keçirdi. Səbəb isə kassa aparatları idi. Sahibkarlar kassa aparatına görə onlardan alınacaq pula etiraz edirdilər. Daha doğrusu, obyekt sahibləri dövlətə vergi verməyə razıdırlar, ancaq bazar rəhbəri Kəbirə Məmmədovanın təyin etdiyi əlavə pulu vermək istəmirlər: “Əvvəllər gəlib bizə deyirdilər ki, kassa aparatı lazım deyil, siz əlavə pul verəcəksiniz, biz də vergi məsələsini həll edəcəyik. Indi kassa aparatı qoyurlar, ancaq yığılan pulu da tələb edirlər. Biz də bununla razı deyilik”.
Buna görə də yanvarın 19-da yüzlərlə sahibkar etiraz aksiyası keçirdi. Aksiya zamanı ticarətçilərin üzərinə qoşun yeridildi. Polislər rezin güllələrdən istifadə edərək onlarla satıcıya xəsarət yetirdi.
Bundan başqa, aksiya zamanı 100-dən artıq adam həbs olunaraq Qaradağ rayon polis idarəsinə aparıldı. Axşam saatlarına kimi onların bir qismi cərimələnərək sərbəst buraxılsa da, 12 nəfər həbs edildi.
Saxlanılanların Səbayel Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı hakim 12 nəfərə hökm oxuyub. Məhkəmənin qərarı ilə Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev, Vaqif Ibrahimov və daha iki nəfərə 2 ay həbs cəzası verilib.
Aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis Idarəsi birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, yanvarın 19-da Qaradağ rayonu ərazisindəki “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib.
Ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 10 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır”.
“Azadlıq”a daxil olan məlumata görə, dünən hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzində olub, reyd apararaq bir neçə ticarətçini nümayişkaranə şəkildə saxlayaraq aparıblar.
Məlumatda o da deyilir ki, ticarətçilərin etirazına səbəb olan əlavə ödəniş tələbi qüvvəsində qalır. Ticarət mərkəzinin sahibəsi Kəbirə Məmmədovanın adından ticarətçilərə bildirilib ki, tələb olunan məbləğ yanvarın 25-nə qədər ödənilməlidir.
Qeyd edək ki, “Binə”də olan analoji problem “Sədərək”də də baş verib. Yanvarın 17-də “Sədərək” sahibkarları da etiraz aksiyası keçirmişdilər. Dünən isə sahibkarların oturaq aksiya keçirəcəyi haqda məlumatlar dolaşmışdı. Məlumatda deyilirdi ki, satıcılar “Binə”dəki satıcılar kimi səhər saat 9-da aksiya keçirməyi planlaşdırırlar. Deyilən saatın tamamında “Sədərək”də idik. Bəzi dükanların qapısı qıfıllı, bəziləri isə açıq idi. Satıcılar söhbət zamanı dedilər ki, hakimiyyətin “Binə”də etdiyi repressiya camaatda xof yaradıb: “Əslində, biz bu gün (dünən – red.) aksiya keçirməli idik. Ancaq ”Binə”də satıcıların başına gətirilənlər, rezin güllələrlə onlara atəş açmaq, həbs etmək, polis idarəsində döymək və bir neçə nəfərə cinayət işi qaldırmaq bəzi adamları geri çəkilməyə məcbur edib. Hər yer nəzarətdədir. Mülki geyimli polislər bazarlarda dolaşır, satıcıların ağızlarını arayırlar. Ona görə də insanlar narahatdır. Ancaq proseslər belə davam etsə, “Sədərək”də də “Binə”dəki kimi aksiya olacaq”.
Qeyd edək ki, “Sədərək”də kassa aparatları ilə bağlı mübahisələr bir neçə aydır davam edir. Bazar rəhbərliyi kassa aparatlarından istifadə etməyən mağaza sahiblərini 400 manat məbləğində cərimələyir. Onların sözlərinə görə, bazar rəhbərliyi sahibkarlardan müxtəlif adlarla pul yığır.
“Binə”dəki olayla bağlı siyasi partiyalar – AXCP, Müsavat, AMIP, QHT-lərdən – “Demokratiyanın Inkişafına Kömək”, “Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai Birlikləri bəyanat yayıb. Sözügedən qurumlar ticarətçilərə qarşı polis zorakılığını, qanuni haqlarını tələb edənlərə qarşı siyasi hakimiyyətin repressiyaya əl atmasını pisləyiblər.
Ramin DEKO