Derjavinskə Kenesarı xanın adının verilməsi təklifi narazılıq yaradıb

Qazaxıstanın şimalındakı Derjavinsk şəhərinin mərkəzi meydanı yaxınlığında yerləşən, əqrəbləri daim 3:45-i göstərən saat bu şəhərdə zamanın dayandığına işarə edir.

Derjavinskin küçələrinin adları sovet dövründən qalıb. Elə şəhərin özü də SSRİ-nin dağılmasından bəri çox da inkişaf etməyib. Sovet vaxtı burada SSRİ-nin 38-ci strateji raket qüvvələri diviziyası yerləşirdi.

Hazırda şəhərin əhalisi 6 min nəfərdir. Bu, sovet dövründəki əhali sayının 1/5-i deməkdir. Çoxları şəhərin köhnəlmiş yolları və keyfiyyətsiz infrastrukturundan narazıdır.

“İşimizə-gücümüzə baxın. Biz ya nəsə satırıq, ya da taksi sürürük. Yaşamırıq, sadəcə həyatda qalmağa çalışırıq”, – yerli sakin Yelena Xabarova deyir.

Ancaq son həftələr sakinlər üçün yeni mövzu tapılıb. Yerli hakimiyyətin nümayəndələri şəhərin adının dəyişdirilməsini, ona XIX əsrdə Rusiya imperiya qüvvələrinə qarşı silahlı müqavimətə rəhbərlik etmiş qazax xanının adının verilməsini təklif edib.

Azadlıq radiosu