Paytaxt Bakının nəqliyyat problemləri tez-tez gündəmə gəlir. Müstəqil ekspertlər ictimai nəqliyyatın səmərəsizliyini bu problemlərin başlıca qaynaqlarından biri sayırlar. Hökumət metro stansiyalarının artırılmasına dair vədlərini vaxtaşırı dilə gətirsə də, özəlliklə metro şəbəkəsinin ləng gəlişməsi diqqət çəkir. Vədlər vaxtında gerçəkləşdirilmir və bir yandan da əhali sayı artdıqca problemlər də get-gedə ciddiləşir.
Azərbaycanda metro şəbəkəsinin inkişafına dair 2011-ci ildə sənəd qəbul edilmişdi. O dönəmdə Bakı Metropoliteninin rəisi olan Tağı Əhmədov mediaya açıqlamasında demişdi: “Biz 2013-cü ilin sonuna “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarını, 2015-ci ilin sonunadəksə “Həzi Aslanov-2”, “Köhnə Günəşli” və “Yeni Günəşli” stansiyalarını istifadəyə vermək niyyətindəyik”.
Metropoliten rəsmisinin 2013-cü ilin sonunda açılacağını bildirdiyi “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları üç il gecikmə ilə 2016-cı ildə istifadəyə verilib. Tikinti işlərinin başlamasından 10 ildən çox keçsə də, 2015-ci ilin sonunadək inşası planlanan “Həzi Aslanov-2” stansiyasından hələ də xəbər yoxdur. Bugünlər Bakı Metropoliteninin rəsmisi mediaya bildirib ki, “Həzi Aslanov-2” stansiyasında inşaat işlərinin başa çatdırılması 2030-31-ci illərdə nəzərdə tutulub. Deməli, həmin stansiya hökumətin vəd etdiyi tarixdən 16 il, inşasının başlanmasındansa 20 il sonra hazır olacaq. Tikinti ilə bağlı “Həzi Aslanov” stansiyasına gedən əsas yollardan biri 10 ili aşıb ki, bağlıdır. Bu üzdən həmin yolun çevrəsindəki bir çox ticarət obyekti də fəaliyyətini dayandırıb.
“Həzi Aslanov-2” stansiyası metropolitenin ikinci – Yaşıl Xəttində olacaq. Onun “Həzi Aslanov” stansiyasına (Qırmızı Xətdə yerləşir) birbaşa keçidi nəzərdə tutulur. Tunelin bu stansiyadan “Şah İsmayıl Xətai” stansiyasınadək uzadılması planlaşdırılır.
Azadlıq radiosu