Blinken Əliyevlə nədən danışıb

İyulun 12-də ABŞ Dövlət katibi Entoni Blinken (Anthony Blinken) Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib. Blinken Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayıb.

Prezident Əliyev isə Azərbaycanın Ermənistanla sülh gündəliyinə sadiqliyini vurğulayıb. Prezident yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan artıq iyulun 15-də Brüsseldə görüşəcəklərini açıqlayıb. Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə mayın 25-də Moskvada görüşüblər.

Əliyev telefon söhbətində onu da deyib ki, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin normal təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən silahlı təxribat törədilib, humanitar daşımalarda qaçaqmalçılıq halları aşkarlanıb.

Azərbaycan son insidentdən sonra Laçın sərhəd-gömrük buraxılış məntəqəsindən keçidi müvəqqəti dayandırıb.

Ermənistan isə iyunun 14-də silahlı təxribatla bağlı deyilənləri təkzib etmişdi.

Azadlıq radiosu