Məktəbi əlaçı bitirənlərin 10 faizi imtahanda 200-dən az bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) ötən ilədək qəbul imtahanına dair statistik təhlilini yayımlayıb. Bəlli olub ki, Azərbaycanda orta məktəbi bitirənlərin böyük bölümü hələ də universitetə qəbul üçün tələb edilən minimum göstəriciyə nail ola bilmir. Ötən il birinci-dördüncü qruplarda qəbul imtahanına qatılan abituriyentlərin 16 faizi 100 baldan aşağı nəticə göstərib. 700 ballıq sistemdə 200-dən də az bal toplayanlarsa bütün abituriyentlərin 43 faizi olub. Başqa deyimlə, az qala, hər iki abituriyentdən biri 200-dən az bal yığa bilib. İmtahana qatılanların daha 22 faizinin topladığı bal 200-300 arasında olub. Abituriyentlərin 25.6 faizi 300-500, təxminən 10 faizi 500-dən çox bal toplayıb.

DİM abituriyentlərin topladığı balların ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaradıb. Həmin hesablamaya görə, 2022-ci ildə qəbul imtahanında iştirak edənlərin 42.8 faizi imtahandan “2” alıb. Bəzi bölgələrin göstəriciləri digərləri ilə müqayisədə daha çox pisdir. Siyəzən, Şabran, Ağsu, Xocalı, Beyləqan, Lənkəran, Xaçmaz, Sabirabad, Daşkəsən rayonlarının və Gəncə şəhəri məzunlarını təmsil edən abituriyentlərin 20 faizindən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub. Ölkə üzrə 100-dən aşağı bal toplayanların toplam abituriyent sayına nisbəti də öncəki iki illə müqayisədə yüksəlib.

Azadlıq radiosu